Ermənistanda baş nazir Nikol Paşinyanın rəqibi məlum olub.
Musavat.com bildirir ki, bu barədə Ermənistan Respublika Partiyasının üzvü Ayk Mamicanyan məlumat verib.
Deputat gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı danışarkən həmin ismin adını açıqlayıb.
Sitat: “Bu gün biz Masis şəhərinin meri, müxalif “Şərəfim var” blokunun parlament fraksiyasından baş nazir postuna namizəd olan David Ambarsumyanı İrəvan beynəlxalq hava limanı Zvartnotsda qarşılayacağıq. Mən bilmirəm hazırkı hakimiyyətin müxalif fikirləri susdurmaq üçün yönəltdiyi hüquq-mühafizə sistemi bu dəfə necə davranacaq”.
Jurnalistin “Şərəfim var” blokunun parlament fraksiyası gələcəkdə baş nazir postuna öz namizədini dəyişə bilərmi” sualına erməni deputat belə cavab verib: “İmpiçment prosesi zamanı bizim üçün heç nə dəyişməyəcək”.
Mamicanyanın sözlərinə görə, müxalifət “eyni qüvvə və məntiq ilə irəliləməyə davam edəcək”.
II Qarabağ savaşından rüsvayçı şəkildə məğlub çıxsa da, erməni xalqının səsini seçkilərdə qazanan Nikol bu dəfə necə, David Ambarsumyanı da məğlub edəcəkmi?

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, “Şərəfim var” blokunun baş nazir postuna namizəd kimi irəli sürdüyü Masis şəhərinin meri David Ambarsumyanın İrəvana qayıdışı ətrafında yaranan ajiotaj daxili siyasi gərginliyin yeni mərhələyə keçdiyini göstərir:
“Müxalifət nümayəndələrinin onu hava limanında qarşılayacağını bəyan etməsi hadisənin sadəcə şəxsi səfər deyil, siyasi aksiyaya çevriləcəyindən xəbər verir. Hökumət strukturlarının bu prosesə necə reaksiya verəcəyi Paşinyan hakimiyyətinin siyasi opponentlərə qarşı sərt və ya yumşaq mövqe sərgiləyib-sərgiləməyəcəyini müəyyən edəcək. Mamicanyanın “hakimiyyətin hüquq-mühafizə orqanları bu dəfə necə davranacaq, bilmirəm” sözləri də ölkədə siyasi təzyiq atmosferinin hələ də qalmaqda olduğunu təsdiqləyir.
Müxalifət tərəfinin “impiçment prosesi zamanı heç nə dəyişməyəcək” mövqeyi isə onların məqsədinin qısamüddətli siyasi gediş yox, Paşinyan hökumətinə qarşı uzunmüddətli təzyiq kampaniyası olduğunu göstərir. Qısacası, Ambarsumyanın qayıdışı ətrafında baş verənlər Ermənistan siyasətində hakimiyyətlə müxalifət arasında növbəti qarşıdurmanın başlanğıc siqnalıdır”.
Cavanşir ABBASLI
Musavat.com