AZ

Türkiyənin “Media İş” jurnalı Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərindən yazıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ankara, 28 oktyabr, AZƏRTAC

Türkiyənin "Media İş" jurnalının redaksiya heyəti 44 günlük Vətən müharibəsində iştirak etmiş Azərbaycan jurnalistlərinin məqalələr seriyasına başlayıb.

AZƏRTAC-ın məlumatına görə, Türkiyənin eyniadlı media işçiləri həmkarlar ittifaqı olan “Media İş”in rəhbərliyi tərəfindən dəstəklənən təşəbbüs çərçivəsində jurnalın oktyabr-dekabr sayında İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və İTV telekanalının əməkdaşı Rəşad Rəşidovun məqaləsi dərc olunub.

Ölkəmizin azad edilmiş ərazilərində Zəfər Gününü qeyd edən müəllif ordudan tərxis olunduqdan sonra media orqanlarında aktiv fəaliyyətinə qayıdıb.

Azərbaycanlı jurnalist Türkiyə nəşrinin oxucularına Ermənistanın ölkəmizə qarşı təcavüzünün səbəbləri və nəticələri barədə danışıb, Birinci Qarabağ müharibəsinin faciəli hadisələrini, xüsusən də Xocalı soyqırımını xatırladıb və 44 günlük Vətən müharibəsindəki tarixi Qələbə ilə qürur duyduğunu bildirib.

Məqalədə 44 günlük müharibədə Qələbənin başlanğıc nöqtəsi olan 2016-cı ilin aprel döyüşlərinə xüsusi diqqət yetirilib.

“Aprel hadisələrini işıqlandırarkən Prezident və Ali Baş Komandan İlham Əliyevin kursuna heç vaxt şübhə etməyən hərbçilərin və cəbhəyanı bölgənin sakinlərinin gözlərində qorxmazlıq, iradə, dözümlülük və vətənpərvərlik gördüm”, - deyən R.Rəşidov 2016-cı il təxribatlarına cavab olaraq işğalçılara vurulan ciddi zərbəni xatırladır.

Jurnalist qeyd edir ki, 2020-ci ilin 44 günlük müharibəsi bu döyüşlərin davamı idi və Şuşa, Xankəndi də daxil olmaqla Azərbaycan torpaqları işğaldan azad edildi.

“Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. Şuşanın azad edilməsi bu qəhrəmanlıq dastanının ən böyük nailiyyəti oldu. Mən müzəffər Ordunun əsgəri kimi ailəmin və həmkarlarımın yanına qayıtdım. Bu sətirləri qürurla yazıram - işğal dövrü başa çatdı və dirçəliş dövrü başladı. Bu gün biz Böyük Qayıdışın sevincini yaşayırıq”, - deyə İkinci Qarabağ müharibəsinin iştirakçısı vurğulayır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
azertag.az

2Mənbələr