AZ

Ukrayna hərbi aviasiyanın inkişafı üzrə genişmiqyaslı plan üzərində işləyir

Ukrayna hərbi aviasiyanın inkişafı üzrə genişmiqyaslı plan üzərində işləyir. Məqsəd 250 müasir təyyarədən, o cümlədən F-16 və “Rafale” qırıcılarından ibarət donanma formalaşdırmaqdır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.

Zelenski qeyd edib ki, Ukraynanın məqsədi 250 yeni döyüş təyyarəsindən ibarət bütöv bir donanma yaratmaqdır. Bu, ölkənin hərbi aviasiyasının modernləşdirilməsi üçün əsas yaradacaq və gələcək illərdə milli təhlükəsizliyi təmin edəcək.

“Biz İsveç, Fransa və ABŞ ilə paralel müzakirələr aparırıq. Ortaq istəyimiz 250 yeni təyyarədən ibarət donanmadır. Bu, bizim gələcəyimizdir”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Prezident, həmçinin qeyd edib ki, yeni təyyarə platformalarına keçid Ukraynaya təkcə hava məkanını daha effektiv şəkildə müdafiə etməyə deyil, həm də müdafiə sənayesini Qərb texnoloji standartlarına uyğunlaşdırmağa imkan verəcək.

Dövlət başçısı Ukraynanın İsveç, Fransa və ABŞ ilə üç növ döyüş təyyarəsi ilə bağlı paralel danışıqlar apardığını açıqlayıb. Bunlara F-16, İsveçin “Gripen” və Fransanın “Rafale” qırıcıları daxildir.

Prezident İsveçin “Gripen” təyyarələrinin Ukrayna üçün prioritet olduğunu vurğulayıb. Belə ki, onların texniki xidməti ən ucuzdur və pilot təlimi cəmi altı ay çəkir. Bundan əlavə, həmin təyyarələr hətta magistral yollardan da havaya qalxa bilər və Ukraynanın istifadə etdiyi əksər silah növləri ilə uyğun gəlir.

Ayrıca olaraq, Zelenski İsveçlə 150 ədəd “Gripen” təyyarəsinin tədarükü və istehsalının lokallaşdırılması ilə bağlı ilkin razılaşmanı elan edib.

“Biz İsveçlə razılığa gəldik ki, müqavilə imzalanacaq və Ukraynanın 150 ədəd yeni “Gripen” təyyarəsi olacaq. Bu, uzun bir yoldur, amma çox yaxşı bir seçimdir. Əsas odur ki, istehsalın lokallaşdırılması barədə razılığa gəldik. Hesab edirəm ki, bu, tarixi bir razılaşmadır”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Seçilən
5
4
xezerxeber.az

5Mənbələr