ain.az bildirir, Azertag portalına istinadən.
London, 28 oktyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti sığınacaq axtaranların hotellərdə yerləşdirilməsinə son qoymaq məqsədilə Şotlandiyanın İnverness şəhərindəki “Cameron Barracks” və İngiltərənin Şərqi Sasseks qraflığındakı “Crowborough” hərbi təlim düşərgəsini müvəqqəti yaşayış yeri kimi istifadə etməyi planlaşdırır.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, bu iki ərazidə ümumilikdə 900 nəfər sığınacaq axtaran şəxs yerləşdirilə bilər. Hazırda ölkə üzrə təxminən 32 min sığınacaq axtaran şəxs hökumət tərəfindən hotellərdə qalır.
Baş nazir Kir Starmer Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinə uyğun hərbi obyektlərin müəyyənləşdirilməsi istiqamətində işləri sürətləndirmək göstərişi verib. Hökumət növbəti seçkilərə qədər hotellərdən istifadəni tam dayandırmağı və bu sahədə xərcləri azaltmağı qarşısına məqsəd qoyub. Müdafiə naziri Lyuk Pollard bildirib ki, bu bazalar heç bir halda lüks şəraitli deyil, lakin lazımi tələblərə cavab verir. Onun sözlərinə görə, bu addım hotellərə olan asılılığı azaldacaq.
Bununla belə, Milli Audit İdarəsi 2024-cü ilin martında yayımladığı hesabatda hərbi bazalarda yerləşdirmənin hotellərlə müqayisədə daha baha başa gələcəyini qeyd etmişdi. Pollard əlavə edib ki, konkret xərclər hazırda qiymətləndirilir və bu, hər bir bazadan asılı olacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.