"Azəristiliktəchizat" ASC 2024-cü ili 6 milyon 784 min manat zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 30,7 % azdır.
Dövlət şirkətinin maliyyə hesabatına əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 5,4 % artaraq 133 milyon 34 min manata çatıb.
Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 149 milyon 365 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,7 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 7,7 % artaraq 84 milyon 178 min manata çatıb, balans kapitalı isə 5,05 % azalaraq 65 milyon 187 min manata düşüb.
Xatırladaq ki, "Azəristiliktəchizat" ölkə Prezidentinin "İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manat təşkil edir. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.
© "Report"