Bakı, 28 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycan və bütövlükdə Türk dünyasının sığorta sənayesi yeni inkişaf mərhələsindədir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova “Türk Dövlətləri InsurTech Sammiti 2025” tədbirində çıxışı zamanı bildirib.
O qeyd edib ki, tədbir çərçivəsində qarşılıqlı əməkdaşlıq, birgə layihələr və bilik mübadiləsi gələcək illərdə bazarların dayanıqlı böyüməsinə, yeni məhsul modellərinin yaranmasına və kapitalın daha səmərəli idarə olunmasına ciddi təsir göstərəcək.
“Bu gün qlobal maliyyə və sığorta bazarlarının gələcəyini texnologiyalar müəyyənləşdirir. Süni intellekt, maşın öyrənməsi, böyük verilənlər və bulud texnologiyaları artıq yalnız dəstək vasitəsi deyil — strateji dəyər yaradan əsas faktor kimi çıxış edir. Bu texnologiyalar əməliyyatların optimallaşdırılmasını, xərclərin azalmasını, müştəri təcrübəsinin fərdiləşdirilməsini və qərarvermənin sürətlənməsini təmin edir. Sevindirici haldır ki, bu trendlər artıq Azərbaycan sığorta bazarında da öz praktiki əksini tapır”, - deyə Ülviyyə Cabbarova vurğulayıb.