gün yadımdan çıxmır. O gün hava tutqun idi. Günortadan sonra göy üzünü tamamilə
qara bulud almışdı. Nə baş verdiyini anlaya
bilmirdim. Sanki havam çatışmırdı, boğulurdum. Telefonumuza gələn zənglərə
də, qapımız döyüləndə də xəbər gözləyən
adam kimi qapıya qaçırdım. Atam, anam evdə idi, bir Çingiz yox idi. Onda indiki
kimi mobil telefon da yox idi ki, zəng edib qardaşımdan xəbər tuta biləydim.
Axşam oldu, amma Çingiz gəlmədi... Axtarmadığımız
xəstəxana, meyitxana qalmamışdı, qardaşımı tapa bilmirdik”.Deyirlər, bir qədər keçdikdə
dərd yüngülləşir, yara qaysaq bağlayır. Amma elə yaralar var ki, yeri bir ömür
sağalmır, qan verir. O dəhşətli faciədən bizi 30 illik zaman ayırır. Sanki dünən olubmuş kimi Aidə
xanım olanları xatırlayaraq göz yaşı içərisində boğulur. Olub keçənləri o bədbəxt
hadisə baş verdiyi gündə olduğu kimi nəql edir.1995-ci il oktyabrın 28-də
saat 17:50-də Bakı metrosunda bəşər tarixinin ən dəhşətli qəzalarından biri baş
verdi. “Ulduz” stansiyasından “Nərimanov” istiqamətində hərəkət edən metro
qatarında qəfil yanğın başladı. Bir anın içində alov vaqonu bürüyərək insanların
canını aldı. Sintetik materialların yanmasından yaranan tüstü, qoxu, vahimə – bütün
bunlar cəhənnəmi xatırladırdı. Hər kəs bircə şey haqqında düşünürdü: bu dəhşətli
alovun içindən canını necə xilas edə bilər?..Sərnişinlərin arasında əynində
zabit mundiri olan bir nəfər vardı. O, ölümdən qaçmrdı, ölümün üstünə yeriyirdi.
O düşünmürdü ki, bununla ölümsüzlüyə qovuşacaq. Bir məqsədi vardı – insanları
xilas etmək. Birini, ikisini, üçünü... Təhlükəsiz yerə çıxarır, yenidən alovun,
tüstünün, zəhərli qazın içinə atılırdı. Həm də Çingiz tək deyildi. Qəza baş verən
vaqonda onunla birlikdə olan kursantlar da insanları xilas etməyə səfərbər edilmişdi.O dəhşətli gündə 289 nəfər
həlak olmuş, 270 nəfər yaralanmışdı. Əgər o gün sərnişinlər arasında Çingiz
Babayev və onun kursant yoldaşları olmasaydı, qurbanların sayı qat-qat çox
olardı... Faciəyə səbəb qatarın tuneldə alışması, ölümün çox olmasına isə səbəb
xilasetmə əməliyyatının yetərsizliyi idi.Aida xanım deyir: “Qradaşım
işdən çıxanda iş yoldaşları onu öz avtomobilləri ilə gətirmək istəyiblər. Hətta
deyiblər ki, düz evinizə qədər aparacağıq, razı olmayıb. Deyib ki, “metro ilə
gedəcəyəm. Müharibəni başa düşmək olur. Bilirsən ki, qarşında, ətrafında düşmən
var. Müharibədə ya sən öldürəcəksən, ya da səni öldürcəklər. Xilas olmaq şansı
da var. Bu isə qəzadır, hadisədir. Bu hadisədə hamı canını xilas etməyə
çalışır. Başa düşmək olar ki, insanlıq naminə həyatını təhlükəyə atıb yaxınlığında
olan bir qocanı, bir uşağı da xilas etmək olar. Amma bir adam ki, təkrar-təkrar
özünü odun, alovun içinə atıb insanları xilas edirsə, bu, artıq qəhrəmanlıq
deyil, missiyadır. Təsəllim ondadır ki, o missiyanı qardaşımın boynuna Tanrı
qoyub”.Çingiz Adil oğlu Babayev 1964-cü
il oktyabrın 2-də Bakı şəhərində anadan
olub. Bakıdakı 20 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra Azərbaycan
Politexnik İnstitutunda ali təhsil alıb. 1986-cı ildə ali təhsilini başa vuraraq
“Azərelektroterm” zavodunda əmək fəaliyyətinə
başlayıb.Bacısı Aidə xanım söhbətə
davam edir: “Çingiz məndən 7 yaş böyük idi. Çox çalışqan, həm də qayğıkeş idi. Uşaqlıq
illərim, Çingizlə bigə keçirdiyim günlərim, ömrümün ən gözəl günləri idi. Çingiz
çox maraqlı adam idi. Daim öyrənməyə üstünlük verən insanlardan idi. İngilis
dilini mükəmməl bilirdi. 1992-ci ildə Çingiz Yasamal rayon Əhalinin Əmək və Məşğulluq
Mərkəzində aparıcı mütəxəssis işləyirdi. Həmin ilin avqust ayı idi. Evə gələndə
gördük ki, əynində hərbi forma var. Evdə ata-anama deməmiş könüllü olaraq Milli
Ordu sıralarına yazılmışdı. Bir müddət Goranboy rayonu istiqamətində hərbi hissələrin
birində qərargah rəisi vəzifəsində çalışdı. Sonra onu Bakıdakı hərbi hissələrin
birinə dəyişdirdilər. 1994-cü ildə isə Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı
ilə C.Naxçıvanski adına Hərbi Liseyə keçirildi. Yaxşı xidmət etdiyinə, təlim-tədris
sahəsində qazandığı yüksək nəticəyə görə komandanlıq tərəfindən “Şah İsmayıl Xətai”
fəxri fərmanı ilə təltif edilmişdi. Çingiz elə bir adam idi ki, o, hər hansı
bir hadisəyə seyrçi qala bilməzdi. Əgər ətrafında bir hadisə baş verərdisə, mütləq
o da orada olmalı idi. Özünü düşünən adam deyildi. Metro hadisəsində də belə
oldu. Ata-anamı, məni yox, fəryad qoparan, kömək istəyən insanları düşündü qardaşım.
Hadisədən bir neçə gün sonra cənazəsini Binəqədi xəstəxanasının meyitxanasından
tapdı anam. Yanığı yox idi, zəhərli tüstüdən boğulmuşdu. Subay idi. 31 yaşında
özünü qurban verdi”.Çingiz Adil oğlu Babayev
ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ən yüksək mükafata
– “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görlüb. Bakı metrosunun “Ulduz”
stansiyasında abidə kompleksi, C.Naxçıvanski adına Hərbi Liseydə isə büstü
qoyulub. Oxuduğu orta məktəbə və yaşadığı binanın önünə qəhrəmanın xatirə lövhəsi vurulub.Aida xanım deyir ki,
Çingizn ən çox xoşladığı qadın adı Mələk idi. Bir qızım var, adını Çingizimin şərəfinə
Mələk qoymuşam. Gözü yaşlı, ürəyi dərddən qübar bağlamış bacı susur. Sanki ürəyində
nə isə pıçıldayır. Yanaqlarına süzülən göz yaşını silib söhbətə davam edir: “Oğlum
olsaydı, onun adını verməzdim. Çingizə mərhum nənəmiz vaxtilə zabit olmuş qardaşının
adını qoymuşdu. Nənəmin qardaşının da
ömrü qısa olmuşdu, elə Çingizin ömrü qədər. Bu ad bizim üçün düşərli ad
deyilmiş… Qoy onun xatirəsi qəlbimizdə belə yaşasın. Qızıma deyirəm ki, sənin
adını sən dünyaya gəlməzdən əvvəl dayın verib”.Çingiz sadə ziyalı ailəsində
doğulmuşdu. Anası Sədət xanım M.F.Axundzadə adına kitabxanada çalışırdı. Atası
Adil müəllim də, anası da, həmişə övladlarına “Vətən, xalq, dövlət üçün faydalı
vətəndaş olun!” tövsiyəsini vermişlər. Bu gün Çingizin adı xalqımızın qəhrəmanlıq tarixinə fədakarlığın rəmzi
kimi düşən nadir insanlardandır. Hələ neçə illər keçəcək. Onun xilas etdiyi
insanlar, onların nəvələri nəticələri, bir də qədirbilən xalqımız Çingizin adını,
fədakarlığını unutmayacaq. Çingiz Babayev – ölümü öldürən bir qəhrəman, əbədiyyətin
yolçusu kimi yaddaşlarda əbədi olaraq
yaşayacaq. Elşən QƏNİYEV,“Azxərbaycan”