AZ

Beynəlxalq elmi konfrans keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş “Florence Healthcare İnternational Qrup”un birgə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin və TƏBİB-in dəstəyi ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Regionda İlk: Meyitdən Orqan Nəqli - Uğurlu Təcrübədən Gələcəyə Doğru” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Konfransdan öncə Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad olunub.

Konfransın rəsmi açılış hissəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, TƏBİB-in İcraçı direktor müavini Anar İsrafilov, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova və digər rəsmi qonaqlar çıxış edərək ölkəmizdə meyitdən orqan nəqlinin həyata keçirilməsinin milli səhiyyə tarixində mühüm mərhələ olduğunu, bu təşəbbüsün elmi və humanitar baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Həmçinin bu uğurun dövlətin diqqət və qayğısı, Azərbaycan həkimlərinin yüksək peşəkarlığı sayəsində əldə edildiyi, ölkəmizdə transplantologiyanın inkişafına böyük töhfə verəcəyi qeyd olunub.

Konfransda meyit donor sisteminin inkişafının orqan çatışmazlığı probleminin həllinə, eləcə də milli səhiyyə sisteminin yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratdığı vurğulanıb.

2025-ci ilin fevral ayında Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında transplantoloq Mircəlal Kazımi və komandası tərəfindən meyit donordan qaraciyər transplantasiyasının uğurla icra edildiyi, daha sonra böyrək köçürülməsi əməliyyatının da müvəffəqiyyətlə reallaşdırıldığı bildirilib, bu nailiyyətlərin ölkəmizdə orqan transplantasiyasının inkişafı üçün yeni perspektivlər açdığı diqqətə çatdırılıb.

Sonra konfrans öz işini “Meyitdən orqan transplantasiyası: Canlı donorlu orqan transplantasiyası alternativdirmi?”, “Qaraciyər transplantasiyası” və “Böyrək transplantasiyası” mövzusunda panel müzakirələrlə davam etdirib.

N.Adilqızı
XQ

Seçilən
5
1
xalqqazeti.az

6Mənbələr