AZ

Azərbaycan tarixinin yazılmasında və tədrisində problemlər var -MÜSAHİBƏ

Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, eləcə də Naxçıvan Dövlət Universitetinin müəllimi Vəli Baxşəliyev Azərbaycan tarixinin yazılması və tədrisində olan bugünkü çatışmazlıqlar və problemlərlə bağlı “İki sahil”in suallarını cavablandırıb.

-Vəli müəlllim, ötən əsrin 90-cı illərində Azərbaycan tarixinin yenidən yazılması məsələsi gündəmə gəldi və bu sahədə müəyyən addımlar da atıldı. Bəs tədqiqatçılarımız  tariximizi olduğu kimi ortaya qoya bildilərmi?

-XX əsrin 90-cı illərində Azərbaycan müqtəqilliyini qazandıqdan sonra Azərbaycan tarixinin milli konsepsiya baxımından yenidən yazılması tədqiqatçılarımızın qarşısında duran əsas məsələlərdən biri oldu. Azərbaycan ərazisində aparılan arxeoloji araşdırmalar və tarixçilərimizin tədqiqatları nəticəsində xeyli elmi yeniliklər əldə edilib. Bu yeniliklərin bir qismi Azərbaycan tarixinin yazılmasında istifadə olunsa da, tarixçilərimiz köhnə sovet konsepsiyasından tamamilə yaxa qurtara bilməyib. Azərbaycan tarixinin bir çox mühüm məsələləri, o cümlədən köçmə maldarlığın formalaşması, ibtidai icma quruluşunun dağılması və sinifli cəmiyyətin formalaşması ilə bağlı sovet tarixçilərinin irəli sürdüyü konsepsiyalar demək olar ki, təkrar edilib. Bunlar isə həm tariximizin yazılmasında, həm də tədrisində anlaşılmazlıqlar yaradıb. Ən başlıcası isə Azərbaycan tarixinə aid yeni yazılan həm ali məktəb, həm də orta məktəb dərsliklərində Araz çayından şimalda və cənubda yerləşən Azərbaycan torpaqlarınında  yaşayan insanların sosial-iqtisadi baxımdan bir-birindən fərqlənməsinin, şimal bölgələrin geri qalmasının səbəbləri aydınlaşdırılmayıb.

-O zaman bir az tarixə nəzər salaq. Hələ də aydınlaşdırılmayan məsələlərdən nələri vurğulamaq istərdiniz?

-Məsələn, Azərbaycanda məskən salan qədim tayfaların sosial-iqtisadi quruluşunda baş berən dəyişikliklərdən biri də köçmə maldarlığın yaranmasıdır. Azərbaycan tarixşünaslığında köçmə maldarlığın yaranması e. ə. IV-III minilliklərə aid edilir. Yaxın Şərq ölkələrində isə köçmə maldarlıq e. ə. VI minillikdən var idi. Azərbaycanda da köçmə maldarlığın bu dövrdə formalaşdığını demək olar. Naxçıvanda dəniz səviyyəsindən 2400 m yüksəklikdə yerləşən Neolit dövrünə aid Osmantəpə yaşayış yeri bunu təsdiq edir. E. ə. VI minilliyin sonu, V minilliyin əvvəlindən başlayaraq yüksək dağlıq ərazilərdə salınan yaşayış yerləri artmağa başlayır. Araşdırmalar göstərir ki, istehsal təsərrüfatı formalaşdıqdan sonra bol otlaqları və təbii sərvətləri əldə etmək zərurəti köçmə maldarlığın inkişafına təkan verib. Son illərin araşdırmaları göstərir ki, e. ə. VI minillikdən başlayaraq Şimali Mesopotamiya və Urmiya hövzəsində yaşayan tayfalar Cənubi Qafqaz obsidianından intensiv şəkildə istifadə etməyə başlayıblar. Araşdırmalara əsasən deyə bilərik ki, Yaxın Şərqi Cənubi Qafqazla bağlayan yolların biri Urmiya gölünün qərbindən keçərək Naxçıvana, oradan isə Göyçə və Zəngəzura doğru gedib. Dalmatəpə mədəniyyətinə aid yaşayış yerlərinin dəniz səviyyəsindən 1450-2000 m yüksəklikdə yerləşməsi bu tayfaların köçmə maldarlıqla məşğul olduğunu təsdiq edən faktlardan biridir. Naxçıvanın şimalında, indiki Ermənistan ərazisində Dalmatəpə mədəniyyətinə aid Godedzor yaşayış yerinin dəniz səviyyəsindən 1800 m yüksəklikdə yerləşməsi də bunu təsdiq edir və bu proseslərin Azərbaycanı da əhatə etdiyini göstərir. Son illər Naxçıvanda e. ə. V minilliyin birinci yarısına aid Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar bu yaşayış yerinin köçmə maldarlıqla bağlı olduğunu göstərib. Bülövqaya yaşayış yerindən əldə edilən fauna qalıqlarının araşdırılması və burada mədəni təbəqənin az yığılması da bu yaşayış yerində həyatın mövsümi xarakterdə olduğunu təsdiq edib.

Köçmə maldarlığın erkən formalaşması ilə bağlı faktlar xarici ölkələrin elmi ədəbiyyatında çoxdan mövcuddur. Azərbaycan tarixşünaslığında bu məsələ ilə bağlı tədqiqatlar olsa da, tariximizin yazılması köhnə sovet konsepsiyasının təsiri ilə hələ də yenilənməyib.

-Səhv etmirəmsə, siz Azərbaycan ərazisində ibtidai icma cəmiyyətinin dağılması ilə bağlı yazılanları da tam dəstəkləmirsiniz?

-Yaxın Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da Neolit yaşayış yerlərinin heç birində insanlar ümumi evlərdə yaşamırdılar. Neolit yaşayış yerləri ailələrin yaşadığı, bəzən ümumi həyəti olan təsərrüfat kompleksi kimi xarakterizə olunur. Ailələrin yaranması ibtidai icma quruluşunun dağılmasının başlanğıcı hesab olunur. Bu dövrdə artıq ailələrə məxsus mülkiyyət var idi. Bu, yalnız ailələrə məxsus evlərin olması ilə deyil, həmçinin evlərin içərisində təsərrüfat quyuların olması ilə də təsdiq olunur.

2006-2013-cü illərdə Şərur rayonunda yerləşən Ovçulartəpə yaşyış yerində 2400 kv.m sahədə tədiqat aparılıb. Tədqiqat zamanı evlərin qrup halında yerləşdiyi, onların arasında isə bir neçə yerdə təsərrüfat binalarının olduğu müəyyənləşdirilib. Bu təsərrüfat quyularının içərisində ərzaq məhsullarının qalıqları aşkar olunub.Tədqiqat zamanı bəzi evlərin içərisində təsərrüfat quyularının olduğu, bəzi evlərin içərisində isə döşəməyə basdırılmış iri həcmli təsərrüfat küpələrinin olduğu təsbit edilib. İnsanlar həm ailəyə məxsus, həm də icmaya məxsus ehtiyyat ərzaqdan istifadə edirdilər. Bu faktlar artıq kənd icmasının formalaşdığını təsdiq edir. Ovçulartəpə yaşayış yerinin e. ə. V minilliyin ikinci yarısına aid olduğunu nəzərə alsaq, ibtidai icma quruluşunun Azərbaycanın şimal bölgələrində daha erkən dağıldığını deyə bilərik.

Bundan başqa, Azərbaycan tarixşünaslığında şəhərlərin və şəhər dövlətlərin varlığı ilk dəfə XX əsrin 70-80-ci illərində Vəli Əliyev tərəfindən irəli sürülüb. Sonrakı illərdə bu fikirlərin doğru olduğunu Naxçıvanda və Qarabağda şəhər tipli yaşayış yerlərinin aşkar olunması  təsdiq edib. V.Əliyevin Naxçıvanda II Kültəpə yaşayış yerində apardığı araşdırmalar bu yaşayış yerinin e. ə. III minilliyin sonu və II minilliyin başlanğıcında ətrafı müdafiə divarları ilə əhatə olunmuş yaşayış yeri olduğunu təsdiq edib. Bu fikirlər, həmçinin II Kültəpədə şəhər mədəniyyəti üçün xarakterik olan daş döşənmiş küçələr, sənətkarlıq məhəllələrinin və çirkab sularının çıxarılması üçün xüsusi kanalların aşkar olunması ilə də doğrulanıb. Vəli Əliyevin araşdırmaları zamanı Şahtaxtı və Qızılburunda da şəhər tipli yaşayış yerlərinin mövcud olduğu müəyyən edilib.

Ümumiyyətlə, Orta Tunc dövrü yaşayış yerlərinin mərkəzi hissəsində ətrafı müdafiə divarları ilə əhatə olunmuş sitadellərin aşkar olunması artıq sosial təbəqələşmənin mövcud olduğunu göstərirdi. Naxçıvan ərazisində Orta Tunc dövrünə aid çox sayda qala tipli yaşayış yerlərinin aşkar olunması da bu dövrdə bu işlə məşğul olan müəyyən qurumların olduğunu göstərir. Belə bir təşkilati dəstək olmadan II Kültəpə, Şahtaxtı, Çalxanqala, Qızqala, Qurddağ, Göynük və digər qalaların müdafiə divarlarını inşa etmək mümkün deyildi. Digər tərəftən, bu tip ətrafı müdafiə divarları ilə əhatə olunmuş yaşayış yerləri ibtidai icma üçün xarakterik hesab edilə bilməzdi.

Araz çayının cənubunda və şimalında fərqli ictimai quruluşun olması ilə bağlı faktlar mövcud deyil

-Vəli müəllim, Araz çayının cənubunda və şimalında fərqli ictimai quruluşun olduğunu göstərən konkret faktlar varmı?

-Məlum olduğu kimi, Yaxın Şərq ölkələrində ibtididai icma quruluşunun dağılması, sinifli cəmiyyətin və dövlətlərin yaranması daha erkən baş verib. Arxeoloji araşdırmalar Cənubi Qafqazın, o cümlədən Azərbaycanın qədim dövrlərdən başlayaraq Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələr saxladığını təsdiq edir. Naxçıvanda I Kültəpə, Tovuz rayonunda Göytəpə, Mil və Muğan abidələrindəki tapıntılar bu əlaqələrin e. ə. VII-VI minilliklərdən mövcud olduğunu göstərir. Son ilər aparılan araşdırmalar bu əlaqələrin e. ə. VI miilliyin sonu və V minilliyin əvvəlində daha da sürətləndiyini ortaya çıxarır.  Bu dövrdə biz Azərbaycanın şimal bölgələrində, Naxçıvan, Qarabağ və Muğanda Ubeyd mədəniyyətinin, həmçinin Dalmatəpə mədəniyyətinin yayılmasının şahidi oluruq. Əgər Azərbaycanın şimalında və və cənubunda eyni mədəniyyətlər var idisə, nə üçün onların ictimai quruluşu fərqli idi? Ümumiyyətlə, Araz çayının cənubunda və şimalında fərqli ictimai quruluşun olması hansı faktlara əsaslanır? Tarixi və arxeoloji faktlar belə fərqlərin olduğunu inkar edir.

-Bu cür təzadlı fikirlər dərsliklərdə öz əksini tapır. Sizcə, bütün bunlar hansı problemlərə yol açır?  

-Tarixçilərimizin bir qrupu XX əsrdə Azərbaycan arxeologiyasının əldə etdiyi nailiyyətlərə əsaslanaraq Orta Tunc dövründə, e. ə. III-II minilliklərdə şəhər dövlətlərin mövcud olduğunu qeyd ediblər. Bu fikirlər həm ali məktəb dərsliklərində, həm də orta məktəb dərsliklərində əks olunub. Tarixçilərimiz yazırlar ki, e. ə. II minilliyin sonunda ibtidai icma quruluçunun dağılması və sinifli cəmiyyətə keçid sürətlənirdi, ondan bir qədər aşağıda isə yazılır ki, e. ə. III minillkdə Azərbaycanın cənubunda ilk dövlət qurumları yaranmışdı. Bu fikirlər eynilə 7 cildlik Azərbaycan tarixinin birinci cildində də təkrar olunur. Belə çıxır ki, Azərbaycanın cənubunda və şimalında sinifli cəmiyyət fərqli dövrlərdə yaranmışdı. Əgər belədirsə, o zaman yəqin ki, bu fikir köhnə sovet konsepsiyasına əsaslanır. Çünki arxeoloqlarımızın apardığı araşdırmalar  göstərir ki, sosial-iqtisadi baxımdan Azərbaycanın şimalı ilə cənubu arasında heç bir fərq olmayıb.

Qeyd etdiyim kimi, Dalmatəpə mədəniyyəti e.ə. V minillikdə Azərbaycanın şimalında və cənubunda yayılmışdı. İlk Tunc dövrünə aid Kür-Araz mədəniyyəti Azərbaycanın həm şimalını, həm də cənubunu əhatə etmişdi. Orta Tunc dövründə isə boyalı qablar mədəniyyəti həm Urmiya hövzəsini, həm də Azərbaycanın şimalını əhatə edirdi. Başqa bir məsələ isə şəhərlərin yaranması idi. Tədqqatlar göstərir ki, e. ə. III minilliyin ikinci yarısı və sonunda Naxçıvanda və Qarabağda şəhər tipli yaşayış yerləri yaranıb. Şəhərlərin yaranması Azərbaycanın şimal bölgələrinin cənub bölgələrindən geri qalmadığını təsdiq edir. Çünki bu dövrdə Azərbaycanın cənubunda şəhər dövlətlərin olması ilə bağlı yazılı mənbələrin məlumatları var. Yenə də sual yaranır. İbtidai icma quruluşunda şəhərlər ola bilərdimi? Əlbəttə ki, yox. Şəhərlər var idisə, demək ki, ibtidai icma quruluşu çoxdan dağılmışdı. Şəhərlərin yaranması isə yuxarıda qeyd etdiyimiz kimi, arxeoloji faktlarla təsdiq olunub.

Azərbaycan ərazisində ən qədim dövlət isə Manna deyil, Aratta dövləti olub

-Təzadlı yanaşmalardan biri də dövlət qurumları ilə bağlıdır. Bu barədə nə deyə bilərsiniz?

-Tarixçilərimiz tərəfindən fərqli yozulan məsələlərdən biri də dövlət qurumları məsələsidir. Yenə də tarixçilərimiz Azərbaycan tarix elminin nailiyyətlərinə əsaslanaraq e. ə. IV minilliyin sonu-III minilliyin əvvəlində Azərbaycanın cənubunda sinifli cəmiyyətin yarandığını, Aratta, Kuti və Lullubi dövlətlərinin yaranmasından bəhs ediblər. Lakin bir qədər sonra qeyd edilir ki, Qədim Azərbaycan tayfaları eramızdan əvvəl II miniliyin sonu-I minilliyin əvvəlində yeni dövlət qurumlarının meydana gəlməsi ərəfəsində idi. Yaxud yazılır ki, Manna dövləti yarananadək Urmiya gölü zonasındakı ərazilərdə yaşayan tayfalar ibtidai-icma quruluşu şəraitində yaşayırdılar.  Bəs Aratta, Kuti, Lullubi dövlətləri Urmiya hövzəsində və Cənubi Azərbaycanda deyildimi? Ona görə də məsələnin belə qoyuluşu düzgün deyil. Çünki tarixçilərin özlərinin də qeyd etdiyi kimi, Assur qaynaqlarında Manna dövləti yaranana qədər müxtəlif çarlıqların olduğu qeyd edilib. Manna dövləti yalnız mərkəzləşmiş dövlət idi. Orta məktəb dərsliklərində isə Mannanın Azərbaycan ərazisində ilk dövlət olduğu qeyd edilir. Bəzi tarixçi alimlərimizin Aratta, Kuti və Lullubi dövlətlərini dövlət deyil, dövlət qurumu olduğunu qeyd etmələri də maraqlıdır. Bunlar yanlış yanaşmadır. Çünki e. ə. III minillikdə Azərbaycanın həm şimalında, həm də cənubunda şəhərlər və şəhər dövlətlər var idisə, Azərbaycanda sinifli cəmiyyətin mövcudluğu və dövlətin yaranması da bu dövrə aid edilməlidir. Arxeoloji mədəniyyətlərin tədqiqi isə Azərbaycanın şimalı ilə cənubu arasında sosial-iqtisadi və mədəni baxımdan heç bir fərq olmadığını təsdiq edir.

Ümumiyyətlə, arxeoloji tədqiqatlar göstərir ki, e. ə. VI minilliyin sonlarından başlayaraq Azərbaycanda Araz çayından şimalda və cənubda yaşayan insanlar vahid mədəniyyətə sahib olublar. Dalmatəpə mədəniyyəti, Kür-Araz mədəniyyəti, Orta Tunc dövrünün Boyalı qablar mədəniyyəti, Xocalı-Gədəbəy mədəniyyəti Arazın həm şimalında, həm də cənubunda yayılıb. Bu mədəniyyətlərin yayılmasında Azərbaycan torpaqlarının təbii sərvətləri, yaylaq və qışlaq maldarlığı üçün əlverişli olması şərait yaradıb. Araşdırmalarımız mədəniyyətlərin yayılmasında köçmə maldarlığın mühüm rol oynadığını göstərir. Ölkəmizin ərazisində, dəniz səviyyəsindən 1400-2400 m yüksəklikdə yerləşən mövsümi yaşayış yerləri e. ə. VI-V minilliklərdə köçmə maldarlığın geniş inkişaf etdiyini göstərir. Şübhəsiz ki, eyni mədəniyyəti paylaşan tayfalar fərqli ictimai quruluşda yaşaya bilməzdilər. Digər tərəfdən, hələ XX əsrin 70-80-ci illərində aparılan arxeoloji tədqi tədqiqatlar Azərbaycanın Arazdan şimalda yerləşən torpaqlarında, xüsusilə Naxçıvan və Qarabağda, e. ə. III-II minilliklərdə şəhərlərin yarandığını sübut edir. Naxçıvanda aparılan arxeoloji araşdırmalar isə ölkəmizin bu bölgəsində e. ə. III-II minilliklərdə Qızqala, Göynükqala, Çalxanqala, Qurddağ, Bəzəkli və digər qala tipli yaşayış yerlərinin mövcud olduğunu göstərir. Belə hesab edirik ki, şəhərlərin və müdafiə tikintilərinin olduğu bir bölgədə ibtidai icmadan danışmaq elmi baxımdan düzgün deyil. Buna görə də Azərbaycanın şimalında sinifli cəmiyyətin yaranması e. ə. III-II minilliklərdən, dövlətlərin yaranması da elə bu dövrdən götürülməlidir. Azərbaycan ərazisində ən qədim dövlət isə Manna deyil, Aratta dövləti olub.

-Vəli müəllim, bu problemlərin öz həllini tapması üçün hansı addımlar atılmalıdır? Tarix dərsliklərimiz yenidən yazılmalıdır?

-Əlbəttə, qüsurlar düzəldilməli, dərsliklərimiz yenilənməlidir. Mən qədim dövrü tədqiq etdiyim üçün yalnız o dövrlə bağlı qüsurlarları söylədim. Ancaq həmkarlarımdan eşitdiklərim digər dövrlərdə də qüsurlar olduğunu göstərir. Dərsliklər mütləqləq mütəxəssislərlə müzakirə olunmalıdır. Əslində mən bu qüsurları müəlliflərə və əlaqədar təşkilatlara çoxdan demişəm. Hər bir işdə qüsur ola bilər. Ancaq niyə düzəliş olmur, bilmirəm. Elə bilirəm ki, alimlərimiz və müəllimlərimiz mühafizəkarlıqdan imtina etməyi, yeniliyi qəbul etməyi bacarmalıdırlar.

Digər bir təklifim də orta məktəbin tarix dərsliklərində tarixlərin konkretləşdirilməsi və hadisələrin bir qədər yığcamlaşdırılmasıdır. Yəni ki, bir paraqrafda ən çox üç əsas tarix ola bilər. Xüsusilə də 6-7-ci siniflərin dərsliklərində. Faktların və xronologiyanın yığınından azad olmaq və şagirdlərimizə mükəmməl bilik verən dərsliklərin yazılmasının vaxtı çoxdan çatıb.

- Maraqlı müsahibə üçün təşəkkür edirik.

Aygün İbrahimli

Seçilən
44
ikisahil.az

1Mənbələr