AZ

Böyük Britaniyada tibb işçilərinə qarşı irqi ayrı-seçkilik halları kəskin artıb

London, 27 oktyabr, AZƏRTAC

Son üç ildə Böyük Britaniyada tibb işçilərinin iş yerlərində irqi ayrı-seçkiliklə bağlı müraciətləri 55 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Kral Tibb Bacıları Kollecinin (RCN) apardığı təhlildə yer alıb. RCN-in məlumatına görə, bu il mindən çox tibbi personalın irqi insidentlərdən sonra hüquqi və psixoloji dəstək üçün təşkilatın qaynar xəttinə müraciət etməsi gözlənilir. Müqayisə üçün 2022-ci ildə bu göstərici 700 müraciət səviyyəsində olub.

Qurumun qeyd etdiyi hallar arasında tibb işçilərinin məzuniyyət istəyinə rədd cavabı alarkən menecerin ona “ümumiyyətlə Birləşmiş Krallığa gəlməməli idin” deməsi, eləcə də bir həmkarının “sən bizdən biri deyilsən” ifadəsini işlətməsi kimi açıq-aşkar irqçi münasibətlər var. Digər bir hadisədə pasiyent və ailəsi “onun kimilərin” onları müalicə etməsini istəmədiklərini bildirərək tibb bacısının xidmətindən imtina edib və onu “qullar”la müqayisə edib.

RCN-in baş katibi və icraçı direktoru professor Nikola Reyncer bildirib ki, səhiyyə və sosial qayğı sistemində irqi insidentlərin artması utancverici haldır. Kral Tibb Bacıları Kolleci, həmçinin hökuməti anti-miqrant ritorikasından imtina etməyə çağırıb. Qurum hesab edir ki, belə ritorika cəmiyyətdə irqçi davranışları təşviq edir və səhiyyə işçilərinin təhlükəsizliyini təhdid altına qoyur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
50
1
azertag.az

2Mənbələr