Bakı, 27 oktyabr, AZƏRTAC
Otuz üç illik həsrətdən sonra sakinlər Bəylik kəndinə geri qayıdırlar. Bu qədim yurdda həyat yenidən canlanır. Bəyliyə qayıdış beş il əvvəl qazanılan tarixi Qələbənin növbəti qürurverici nəticələri sırasındadır.
Prezident İlham Əliyevin təsdiq etdiyi “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı çərçivəsində Bəylik kəndi müasir tərzdə yenidən inşa olunub. Buradakı şərait sakinlərin rahat yaşayışını təmin edir, onlarda gələcəyə ümid və inam yaradır. Gecə işıqları altında parlayan Bəylik kəndi gündüz Günəşinin işıqlandırdığı yamacları ilə doğma ocaqların istiliyini, insanın torpağa bağlılığını əks etdirir.
AZƏRTAC Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış Bəylik kəndinin görüntülərini əks etdirən videoçarxı təqdim edir. Həmin videoçarxla link vasitəsilə tanış ola bilərsiniz.