BAKI, 27 oktyabr. TELEQRAF
“Avqustun 8-də Azərbaycan və Ermənistan arasında baş verənləri tərəddüd etmədən, şişirtmədən dönüş nöqtəsi adlandıra bilərəm”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Həmin gün Vaşinqtonda baş verənlər dönüş nöqtəsi və təməl daşı oldu. Həmin gün Ermənistan və Azərbaycan arasında BMT Nizamnaməsi və Almatı Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və sərhədlərinin toxunulmazlığına qeyd-şərtsiz hörməti ifadə edən imzalanmış bəyannamə ilə sülh bərqərar oldu. Həmçinin, həmin gün nəqliyyat infrastrukturunun blokdan çıxarılması prosesinin baş tutacağı və ya artıq başlanmış əsas prinsiplər razılaşdırıldı, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş də iki Xarici İşlər nazirlikləri tərəfindən paraflandı”, - o bildirib.
Mirzoyan qeyd edib ki, həmin bəyannamələr çərçivəsində Ermənistan və ABŞ “Tramp yolu”nun birgə yaradılması və həyata keçirilməsi istiqamətində səylər göstərməyə razılaşıblar.
“Bura təkcə dəmir yolu rabitəsi deyil, həm də elektrik xətləri, qaz-neft kəmərləri və sair daxil ola bilər”, - XİN rəhbəri vurğulayıb.