
Argentinada keçirilən parlament seçkilərində Prezident Xavyer Mileinin rəhbərlik etdiyi iqtidar partiyası qalib gəlib.
Argentina mətbuatının məlumatına görə, səslərin 96 faizi sayıldıqdan sonra açıqlanan ilkin nəticələrə əsasən, Mileinin partiyası La Libertad Avanza (“İrəliləyən Azadlıq”) 39 faiz səslə seçkilərdə qələbə qazanıb.
Peronist müxalifətin yaratdığı Fuerza Patria (“Vətən Gücü”) isə səslərin yalnız 29,4 faizini toplaya bilib.
Mileinin partiyası paytaxt Buenos Aires başda olmaqla Kordoba, Santa Fe və Mendosa kimi mühüm əyalət və bölgələrdə də uğur əldə edib.
Müxalifət isə 7 sentyabrda keçirilən əyalət seçkilərində qalib gəldiyi Buenos Airesdə gözlənilməz məğlubiyyətlə üzləşib.
Bu nəticələr iqtidara islahat layihələrini həyata keçirmək və müxalifətin prezident fərmanlarını əngəlləmə cəhdlərini təsirsiz hala gətirmək üçün ciddi üstünlük qazandırıb.
La Libertad Avanza Senatda 8 seçki dairəsindən 6-sında qalib gəlsə də, sərt qənaət siyasətini həyata keçirmək üçün lazım olan üçdəbir çoxluğa hələ ki, nail ola bilməyib.
Qeyd edək ki, seçkilərdə iştirak faizi 67,85 olaraq qeydə alınıb. Bu göstərici Argentinanın 1983-cü ildə demokratiyaya keçidindən bəri ən aşağı iştirak nisbəti kimi tarixə düşüb.