BAKI, 27 oktyabr. TELEQRAF
“Ermənistan Konstitusiya Dəyişiklikləri Şurası Müstəqillik Bəyannaməsinə istinad məsələsini hələ də müzakirə etməyib”.
Teleqraf xəbər verir ki,bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan məlumat verib.
Nazirin sözlərinə görə, şuranın iclasları tez-tez keçirilir, ötən iclasda bir neçə məsələ səsverməyə çıxarılıb və bir sıra tərtibatlar yekunlaşdırılıb. Şura yaxın həftələrdə məlumatlandırma işinə başlamağı və işi ictimaiyyətə təqdim etməyi planlaşdırır.
Srbuhi Qalyan qeyd edib ki, Müstəqillik Bəyannaməsi və Konstitusiyanın birinci fəslinə istinadlar hələ müzakirə olunmayıb.
Xatırladaq ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Ermənistan Konstitusiyasından çıxarılmasından gedir. Bu, sülh sazişinin imzalanması üçün rəsmi Bakının tələbidir. Srbuhi Qalyan ötən açıqlamalarında bu məsələnin Konstitusiya dəyişikliyinə dair referendumla həll olunacağını istisna etməmişdi. Ermənistan Baş nazir Nikol Paşinyan isə gələn il yeni Konstitusiyanın qəbul olunacağını açıqlamışdı.