AZ

Qazaxıstan elektrik avtomobillərinin rüsumdan azad idxal kvotasını doldurdu – yüzlərlə maşın sərhəddə qalıb – ÖZƏL

Qazaxıstan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində elektrik avtomobillərinin rüsumdan azad idxalı üçün nəzərdə tutulmuş kvotanı tam istifadə edib. 

Olaylar.az xəbər verir ki, ArbatMedia-nın məlumatına görə, bu səbəbdən sərhəddə yüzlərlə elektromobil ilişib qalıb və onların sahibləri nəqliyyat vasitələrini ala bilmirlər.

Qazaxıstan Dövlət Gəlirləri Komitəsinin məlumatına əsasən, 15 oktyabr tarixinə qədər ölkəyə 15 min elektromobil gətirilib - bu isə Aİİ-nin müəyyən etdiyi maksimum həddir. Kvotanı aşan bütün yeni avtomobillər artıq gömrük rüsumu və vergi ödəməli olacaq.

Qurum vətəndaşları əvvəlcədən xəbərdar etmişdi ki, kvota bitmək üzrədir və elektromobil alanlar bu məhdudiyyəti nəzərə alsınlar.

Kvota tükəndikdən sonra sahiblər 15% gömrük rüsumu və 12% ƏDV (2026-cı ildən - 16%) ödəməli olacaqlar. Bu, elektrik avtomobillərinin qiymətini 30-40% artıracaq.

"Baytaq" partiyasının sədr müavini Oleg Pak bildirib ki, hazırda gömrük-keçid məntəqələrində çoxlu sayda elektromobil toplanıb və onlar güzəştli qaydada rəsmiləşdirilə bilmir: "İnsanlar avtomobillərini almaqda gecikmələrlə və yüksək rüsum ödəmək riski ilə üzləşirlər."

Onun sözlərinə görə, bu qərar son illərdə sürətlə inkişaf edən "yaşıl bazar"a ciddi zərbə vuracaq. 2024-cü ildə Qazaxıstana 2022-ci illə müqayisədə 12 dəfə çox elektromobil gətirilib və rüsumdan azad idxal onların ümumi sayını 20 minə yaxınlaşdırıb.

Pak qeyd edib ki, müəyyən olunan kvotalar real tələbatı əks etdirmir: "Aİİ səviyyəsində dərhal kvotanın artırılması məsələsi qaldırılmalıdır. Cəmiyyət və bazar göstərdi ki, tələbat 15 minlik limitdən qat-qat çoxdur. Hökumət rüsumdan azad idxal rejiminin ən azı 2028-ci ilin sonuna qədər uzadılmasına nail olmalıdır."

Ekspert əlavə edib ki, Qazaxıstan hələlik öz elektromobillərini istehsal etmir, buna görə də bu məhdudiyyətlər yerli istehsalı qorumaq məqsədi daşımır. Onun sözlərinə görə, nəqliyyatın elektrikləşdirilməsi iqtisadi baxımdan da sərfəlidir, çünki elektromobilin saxlanması daxili yanma mühərrikli avtomobildən daha ucuzdur. Gələcəkdə bu proses sənaye texnikasına - ekskavatorlara, yük maşınlarına və yükləyicilərə də tətbiq oluna bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
2
olaylar.az

3Mənbələr