GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Son zamanlar sosial şəbəkə paylaşımlarının rəy bölməsində təhqir və böhtan xarakterli yazıların sayı artıb. Bu cür halların çoxu saxta profillər və anonim hesablar vasitəsilə həyata keçirilir. Bu hal xüsusən “TikTok” platformasında müşahidə edilir.
Bəs qanunvericiliklə belə hallar necə tənzimlənir və sosial mediada etik davranışın qorunması üçün hansı mexanizmlər mövcuddur?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, bu cür hallarla bağlı qanunvericilikdə bir sıra məsuliyyət mexanizmləri mövcuddur:
“Bu müddəalar həm Cinayət Məcəlləsində, həm də informasiya təhlükəsizliyi ilə bağlı normativ aktlarda əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, saxta profillər vasitəsilə edilən təhqir və böhtan “rəqəmsal təhqir” kimi qiymətləndirilir. Bu kimi hallara yol verən şəxslər cərimə və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Qanuna görə, sosial platforma operatorları (“Facebook”, “Instagram”, “TikTok”, “X (Twitter)” və s.) Azərbaycan ərazisində rəsmi nümayəndəlik təyin etməli, dövlət orqanlarının sorğularına 48 saat ərzində cavab verməlidirlər. Təhqiredici və ya saxta məzmun aşkarlandıqda, həmin paylaşım 24 saat ərzində silinməli, istifadəçi isə bloklanmalıdır. Bu tələblərin yerinə yetirilməməsi 100 min manata qədər inzibati cərimə ilə nəticələnə bilər”.
Hüquqşünas bildirib ki, yaradılan Rəqəmsal Etika və Kiber Davranış Mərkəzi kimi qurumlar saxta profillərin aşkarlanması, rəqəmsal mühitdə etik davranışın təşviqi və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq istiqamətində mühüm rol oynayır:
“Mövcud qaydalara əsasən, saxta profil vasitəsilə təhqir və böhtan edən şəxs 1000-5000 manatadək cərimə və ya sosial şəbəkə istifadəsinə məhdudiyyətlə cəzalandırıla bilər. Təkrar hallarda isə 2 ilədək azadlıqdan məhrumetmə tətbiq olunur. Əgər bu hərəkətlər ictimai xadimə, dövlət qulluqçusuna və ya jurnalistə qarşı yönəlibsə, cəza 50 faiz artırılır. Qanun həmçinin vətəndaşlara saxta profildən yayılan təhqir və böhtanla bağlı həmin Mərkəzə, yaxud məhkəməyə müraciət etmək imkanı verir. Bu mexanizmlər Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci (şəxsi həyatın qorunması) və 10-cu (ifadə azadlığı) maddələrinə, həmçinin Budapeşt Konvensiyasının prinsiplərinə uyğun şəkildə tətbiq olunur”.
Ləman İmran
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.