AZ

“El Klasiko”nun qalibi “Real” oldu

İspaniya La Liqasının X turunda futbolsevərlərin səbirsizliklə gözlədiyi “El Klasiko” qarşılaşması baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə “Real Madrid” “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. 

Oyunun əvvəlindən gərgin anlar yaşanıb. Artıq 5-ci dəqiqədə “Barselona”nın hücumçusu Lamine Yamala qarşı qayda pozuntusuna görə “Real”ın xeyrinə penalti təyin olunsa da, VAR-ın müdaxiləsindən sonra qərar ləğv edilib. 12-ci dəqiqədə Kiliyan Mbappe uzaq məsafədən zərbə ilə fərqlənsə də, epizod ofsayd səbəbindən sayılmayıb. Yalnız 22-ci dəqiqədə fransalı ulduz hesabı açmağa nail olub – 1:0.

Bundan sonra “Barselona” hücuma keçib və 38-ci dəqiqədə Fermin Lopes bərabərlik qolunu vurub. Amma “Real” dərhal cavab verib – 42-ci dəqiqədə Cud Bellinqem komandasını yenidən önə çıxarıb.

İkinci hissədə “Real” üstünlüyü artırmaq şansı qazanıb, lakin 52-ci dəqiqədə Mbappe penalti zərbəsindən yararlana bilməyib – qapıçı Voyçek Şçesnı zərbəni dəf edib. Daha sonra Bellinqemin vurduğu ikinci top ofsayd səbəbilə qeydə alınmayıb. Oyunun sonunda “Barselona” azlıqda qalıb – Pedri 90+10-cu dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra “Real Madrid” 10 oyundan 27 xal toplayaraq La Liqanın lideri olub. “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb. Beləliklə, Xabi Alonsonun komandası əsas rəqibindən 5 xal irəliləyib.

Seçilən
59
90deqiqe.az

1Mənbələr