İranın ən böyük banklarından biri olan "Ayande Bank" aktivlərinin dövlət mülkiyyətinə keçməsi ilə rəsmi şəkildə müflis elan edilib.
Publika.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, 2012-ci ildə yaradılan bankın ölkə üzrə 260 filialı və 4 min əməkdaşı var idi.
Məlumata görə, "Ayande Bank" son illərdə yığılan maliyyə problemləri səbəbindən fəaliyyətini davam etdirə bilməyib. Bankın ümumi itkiləri 5.2 milyard dollar, borcları isə 2.9 milyard dollar təşkil edib.
13 illik fəaliyyət və 10 ildən çox restrukturizasiya cəhdlərindən sonra bu ayın əvvəlində bank rəsmi olaraq müflisliyini elan edib. Bütün aktivlər, depozitlər və filiallar İran Milli Bankına köçürülüb.