Ajans.az xəbər verir ki, sərbəst güləş üzrə 57, 70, 79 və 125 kiloqramlarda mübarizəyə start verilib. Azərbaycan təmsilçilərindən Muhəmmədəli Əlizadə (57 kiloqram) debütdə özbəkistanlı Nodirbek Cumanazarovla bacarmayıb – 0:10. Kənan Heybətov (70 kiloqram) kanadalı Koul Koqhilə (10:0), belçikalı Muhammad Abdurahmanova (10:0), ermənistanlı Davit Marqaryana (tuş) və amerikalı Piter Dükə (14:4) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Kənan finalda iranlı Sina Xəliliylə güləşəcək. Fərid Cabbarov (79 kiloqram) isveçrəli Umar Mavlayevi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qazaxıstanlı Yerxan Abilə 0:5 hesabıyla məğlub olub. Xetaq Karsanov (125 kiloqram) belaruslu Pavel Cyatlava (12:2) və misirli Abdelrahman Şeyatana (11:0) tam üstünlüklə qalib gəldikdən sonra türkiyəli Hakan Büyükçınqıldan güclü olub – 7:5. Təmsilçimiz yarımfinalda amerikalı Daniel Herreraya da heç bir şans tanımayıb – 12:2. Xetaq finalda iranlı Abolfazl Necadla güləşəcək. Həlledici qarşılaşmalar sabah keçiriləcək.