“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 9-cu turunda “Araz-Naxçıvan”la heç-heçə etdikləri oyunla (2:2) bağlı danışıb.
QOL.az xəbər verir ki, Masazır təmsilçisinin çalışdırıcısı oyundan sonra bildirib ki, matç çətin alınıb və birinci hissədə komandası topa daha çox nəzarət edib:
"Çətin oyun idi. Birinci hissədə topa daha çox nəzarət edən tərəf biz idik. Rəqibə heç bir fürsət vermədik. Bəzi epizodlardan yaxşı istifadə edə bilmədik. Hücumları daha yaxşı bitirə bilərdik.”
Mütəxəssis matçın ikinci hissəsinin ilk 5 dəqiqəsini bəyənmədiyini deyib: “İkinci hissənin ilk 5 dəqiqəsi xoşuma gəlmədi. Sanki oyuna yuxulu halda daxil olduq. Mərkəzdə çoxlu top itkiləri oldu. Rəqib bizə böyük təzyiq etmirdi.”
Valdas matçın sonunda hakimin verdiyi sərbəst zərbə qərarı oyunçusuna qarşı haqsızlığın olduğunu bildirib: “Matçın sonlarında hakimin verdiyi foul qərarında mənim oyunçuma qarşı qayda pozuntusu olmuşdu. Orada niyə cərimə zərbəsi verdikləri mənə qaranlıq qaldı. Bilmirəm Hakimlər Komitəsinin sədri bu barədə nə deyəcək. Hər oyunda 3:0 hesabı ilə qalib gələ bilmərsən. Bir çox matçlar bərabər səviyyədə keçir.”