Xəbər verdiyimiz kimi, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında qalmaqal yaşanıb. Belə ki, F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.
Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Elçin Ağamalı bildirib ki, Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında mən Partiyanın yeni sədri seçilmişəm.
"Ana Vətən Partiyasının bu gün növbədənkənar 9-cu qurultayına 155 nəfər nümayəndənin iştirakı ilə işə başladım. Öncə Fəzail Ağamalı partiyanın keçdiyi tarixi yoldan söhbət açdı. Sonda isə partiya sədrliyindən istefa verdiyini açıqladı. Onun istefası qurultay tərəfindən qəbul olunduqdan sonra qurultay növbəti məsələnin müzakirəsinə keçid etdi. Qurultaya namizədlər irəli sürülməyə başlanıldı. Günay Ağamalının namizədliyini Fəzail Ağamalı özü irəli sürüb. Mənim namizədliyi qurultay nümayəndələr tərəfindən irəli sürülüb. Bu zaman zalda böyük, gurultulu alqış sədaları eşidildi. Bu, Fəzail müəllimi narahat etdi. Bunun fonunda Fəzail bəy mənim çıxışıma məhdudiyyət qoydu. Bu məsələ səsə qoyuldu. Qurultay nümayəndələrinin böyük səs çoxluğu ilə mənim çıxışıma icazə verildi. Mənim çıxışım yenə qurultay nümayəndələri tərəfindən böyük coşqu ilə qarşılandı. Bundan narahat olan Fəzail bəy fasilə elan edərək, məni zaldan çıxartmaq istədi. Məqsədi də zalı bağlatdırıb, qurultayı təxirə salmaq idi. Bunu duyan mənim tərəfdarlarım - qurultay nümayəndələri zalı tərk etmədi. Bunun ardınca zalın işığını söndürdülər, hotelin mühafizəçilərini üzərimizə göndərdilər, buna baxmayaraq biz qurultayın işini yekunlaşdıra bildik. 100-dən artıq qurultay nümayəndəsinin iştirakı ilə mən Partiyanın yeni sədri seçildim. Fəzail müəllim açıqlama verib ki, istefa verməyib,sədr postunda qalmaqdadır, bəs, onda mən necə sədr seçilmişəm!?".