ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin 22 oktyabr 2025-ci il tarixli iclasında Rusiyaya qarşı üç mühüm qanun layihəsi - S.2805, S.2918 və S.2657 təsdiqlənib. Hər üç sənədin məqsədi təkcə Rusiyanın hərbi fəaliyyətlərinə cavab vermək deyil, həm də Ukraynaya dəstəyin hüquqi və maliyyə əsaslarını genişləndirməkdir. Bu qərar Vaşinqtonun Moskva ilə münasibətlərində yeni, daha sərt bir mərhələnin başlandığını göstərir.
S.2805 qanununa əsasən, “Rusiya - terrorçulara dəstək verən dövlət” kimi tanınacaq. Bu qanun layihəsi Rusiyanın rəsmi şəkildə “terrorizmi dəstəkləyən dövlət” kimi tanınmasını nəzərdə tutur.
ABŞ-ın “Foreign Assistance Act” (1961) və “Export Administration Act” (1979) qanunlarına əsasən, bu statusun verilməsi ölkəyə qarşı tam iqtisadi və diplomatik embarqo tətbiqinə imkan yaradır.
Hazırda bu siyahıda yalnız Kuba, İran, Şimali Koreya və Suriya yer alır. Rusiya əlavə olunsa, bu, Qərb siyasi sistemində tarixi presedent olacaq.
BMT-nin 2023 və 2024-cü illərdəki hesabatlarında Rusiyanın ukraynalı uşaqları zorla deportasiya etməsi “müharibə cinayəti” kimi qiymətləndirilib (UN Commission of Inquiry on Ukraine, 2024). Bu fakt S.2805 layihəsinə hüquqi əsas verir.
Rusiya bu statusu aldığı halda ABŞ bank sisteminə və SWIFT əməliyyatlarına çıxışı, demək olar ki, sıfıra enəcək.
Digər tərəfdən, ABŞ-da dondurulmuş rus aktivləri artıq “təhlükəsizlik məqsədilə saxlanılan” deyil, “terror dəstəkçisi dövlətin aktivləri” kimi hüquqi status qazanacaq.
Eyni zamanda, ABŞ vətəndaşları üçün Rusiya ilə istənilən maliyyə və kommersiya əlaqəsi cinayət məsuliyyəti yarada bilər.
S.2918 /-“REPO Act” Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yönəldilməsi barədə qanun layihəsi “Rebuilding Economic Prosperity and Opportunity for Ukrainians (REPO) Act” çərçivəsində hazırlanıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin sentyabrına qədər Qərb ölkələrində Rusiya dövlətinə məxsus 300 milyard dollardan çox aktiv dondurulub.
Onlardan 5 milyard dolları birbaşa ABŞ yurisdiksiyasında saxlanılır.
Layihə bu vəsaitin hər 90 gündə azı 250 milyon dollar olmaqla Ukraynaya köçürülməsini nəzərdə tutur.
Oxşar mexanizm 1990-cı illərdə İraq aktivləri üçün istifadə edilmişdi. BMT Təhlükəsizlik Şurasının qərarları ilə dondurulan aktivlər Küveytin bərpasına yönəldilmişdi.
2024-cü ilin iyununda G7 sammitində də bu məsələ gündəmdə idi və ABŞ bu təcrübəni genişləndirmək niyyətini açıqlamışdı.
“REPO Act” Avropa Komissiyasının oxşar təşəbbüsü ilə (dondurulmuş 210 mlrd avronun illik faiz gəlirlərinin Ukraynaya verilməsi) sinxron şəkildə işləyəcək.
Bu addım Moskva tərəfindən “mülki aktivlərin oğurlanması” kimi qiymətləndirilir və Rusiya qarşılıq olaraq Qərb şirkətlərinin Rusiyadakı aktivlərini müsadirə edə bilər (hazırda 100-dən çox Qərb şirkətinin aktivləri “müvəqqəti dövlət idarəsinə” verilib).
S.2657 - “STOP Russia and China” qanunu ikili texnologiyalara nəzarəti nəzərdə tutan bu layihə ABŞ-ın Çinə və üçüncü ölkələrə qarşı ikincili sanksiyalar siyasətini genişləndirir.
Çin şirkətləri, xüsusilə “Huawei”, “ZTE” və bir sıra mikrosxem istehsalçıları vasitəsilə Rusiyaya ikili təyinatlı texnologiya (məsələn, dron çipləri, GPS sistemləri) tədarük edir.
ABŞ Ticarət Nazirliyinin 2025-ci ilin mart hesabatına görə, Rusiyaya ixrac olunan mikroçiplərin 37%-i Çin mənşəlidir.
Layihə bu şirkətlərin ABŞ bazarına çıxışını qadağan edir və onların aktivlərini dondurur.
Bu, ABŞ-Çin münasibətlərində yeni gərginlik dalğası yarada bilər. Çin artıq 2025-ci ilin avqustunda “qarşı sanksiyalar siyahısını” genişləndirib.
Eyni zamanda, bu addım ABŞ-ın Hindistan, Vyetnam və Meksika kimi alternativ istehsal mərkəzlərinə yönəlmə strategiyasını gücləndirir.
Bu üç qanun layihəsi ABŞ-ın Rusiyaya qarşı siyasətində maliyyə, hüquq və texnologiya istiqamətlərinin paralel koordinasiyasını təmin edir.
Əgər bu sənədlər Konqresin hər iki palatası tərəfindən təsdiqlənsə, Rusiya iqtisadiyyatına təsir 2022-ci ilin sanksiyalarından daha dərin olacaq.
Beynəlxalq hüquq baxımından isə bu mexanizmlər “mülki aktivlərin legitim qaydada müsadirə edilməsi (konfiskasiyası)” anlayışının formalaşmasına gətirib çıxara bilər ki, bu da gələcəkdə digər münaqişələr üçün presedent rolunu oynayacaq.
Yəni ABŞ-ın bu üç qanun layihəsi ilə göstərdiyi siyasi iradə təkcə Ukraynanın müdafiəsini deyil, həm də Qərb maliyyə sisteminin normativ gücünü bərpa etməyə yönəlib.
Bu, artıq sadəcə sanksiya paketi deyil, həm də maliyyə müharibəsinin hüquqi doktrinasıdır.
Akif NƏSİRLİ