AZ

Daxiliyanma mühərriklərə qoyulan qadağanın yumşaldılması tələb olunur

Almaniyanın federal əyalətlərinin Baş nazirləri Avropa İttifaqı (Aİ) səviyyəsində 2035-ci ildən etibarən daxiliyanma mühərrikli avtomobillərin satışına qoyulan qadağanın yumşaldılmasını tələb ediblər. Avtosfer.az AZƏRTAC-a istinadla bildirir ki, Əyalət Baş Nazirləri Konfransının (MPK) hazırkı sədri, Raynland-Plats əyalətinin Baş naziri Aleksandr Şvaytser 2035-ci ilin karbon neytrallığına keçid üçün hədəf tarixi olsa da, bu prosesdə müəyyən elastikliyin qorunmalı olduğunu qeyd edib. MPK-nın yekun bəyanatında qeyd edilib ki, sərt qadağa Almaniyanın avtomobil sənayesinin əsas texnoloji bacarıqlarını və rəqabət qabiliyyətini təhlükə altına sala bilər. Sənəddə elektromobillik gələcəyin əsas texnologiyası kimi qiymətləndirilsə də, iqlimə zərərsiz alternativ yanacaq növləri və keçid texnologiyalarının da əhəmiyyəti vurğulanıb. İclasda müəyyən şərtlər daxilində 2035-ci ildən sonra da yüksək effektivlikli yanma mühərriklərinin istifadəsinə icazə verilə biləcəyi bildirilib. Həmçinin 2035-ci ilədək tam elektriklə işləyən nəqliyyata keçidin real görünmədiyi vurğulanıb. Hazırda Aİ-də qüvvədə olan qaydalara əsasən, 2035-ci ildən etibarən yalnız sıfır emissiyalı yeni avtomobillərin satışına icazə veriləcək. Lakin Almaniyada hökuməti bu qaydalarda yumşalma üçün təzyiq göstərməyə çağıran və buna qarşı çıxan qüvvələr arasında fikir ayrılıqları hələ də qalmaqdadır.

Seçilən
37
4
avtosfer.az

5Mənbələr