Kontakt Home mağazalar şəbəkəsinin xidmətindən narazı qalan vətəndaş sosial şəbəkədə paylaşım edərək şirkəti növbəti dəfə narazılığa səbəb olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Kənan Qədirov adlı vətəndaş bildirib ki, o, 1-ci gün Kontakt Home-un saytından həm klaviatura, həm də üzqırxan maşın sifariş edib. Klaviatura “Elmlər Akademiyası” filialına, üzqırxan isə ev ünvanına çatdırılmalı imiş.
İlk mərhələdə ona klaviaturanın 2 gün ərzində filialda olacağı bildirilib. Lakin bir neçə gün sonra şirkət əməkdaşlarından tam ziddiyyətli məlumatlar gəlib.
“Birinci dedilər ki, üzqırxan anbarda defektli çıxıb, sifariş ləğv olunur. Sonra başqa əməkdaş zəng edib bildirdi ki, klaviatura artıq filialdadır. Filiala getdim, dedilər ki, hələ gəlməyib. Ardınca yenidən zəng gəldi və bu dəfə dedilər ki, əslində klaviatura yoxdur, üzqırxan gələcəkmiş.”
Qədirovun sözlərinə görə, sistemdə üzqırxanın sifarişi rəsmi şəkildə ləğv olunub və ödəniş də geri qaytarılıb. Buna baxmayaraq, əməkdaşların bir-birindən xəbərsiz davranması və ziddiyyətli açıqlamalar verməsi onu çaşdırıb.
“Bir sifarişə görə 3 gün ərzində 5 fərqli cavab eşitdim. Bu, nə normaldır, nə də müştəriyə hörmətdir. Əgər məhsul yoxdur, açıq şəkildə deyin, ‘anbarda bitib’. Amma bir gün ‘defektlidir’, bir gün ‘yoldadır’, sonra ‘bitib’ demək – bu, məsuliyyətsizlikdir.”
O, Kontakt Home-dan məsələyə aydınlıq gətirilməsini və gələcəkdə bu cür halların təkrarlanmamasını istəyib.
Qeyd edək ki, şirkət hələlik məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsinin sahibi olduğu iddia edilən sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirsə də, son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.