ABŞ Əmək Nazirliyi sentyabr ayına dair istehlak inflyasiyası göstəricilərini elan edib.
Marja xəbər verir ki, ölkədə İstehlak Qiymətləri İndeksi (inflyasiya göstəricisi) sentyabrda aylıq müqayisədə 0,3%, illik müqayisədə isə 3% artaraq gözləntilərdən aşağı olub.
Beləliklə, amerikalı istehlakçıların yaşayış xərcləri sentyabr ayında əvvəlki aya nisbətən 0,3% yüksəlib.
Bazar proqnozlarına görə, inflyasiyanın aylıq 0,4%, illik 3,1% artacağı proqnozlaşdırılırdı. Avqustda ylıq inflyasiya 0,4%, illik inflyasiya 2,9% olmuşdu.
İllik inflyasiya bu dövrdə yanvar ayından bəri ən yüksək səviyyəsinə çatıb.
Benzin xərclərində artım diqqət çəkib
Benzin xərcləri sentyabrda 4,1% artaraq bütün kateqoriyalar üzrə aylıq artımda əsas təsir edən amil olub. Benzin qiymətləri illik müqayisədə isə 0,5% azalıb.
Enerji indeksi sentyabrda aylıq 1,5%, illik isə 2,8% artıb. Eyni dövrdə ərzaq qiymətləri aylıq 0,2%, illik 3,1% yüksəlib.
Yaşayış (mənzil) xərcləri də sentyabrda əvvəlki aya nisbətən 0,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,6% artıb.
Baza inflyasiya zəifləyib
Dəyişkən enerji və ərzaq qiymətlərini nəzərə almayan İstehlak Qiymətləri İndeksi sentyabrda aylıq 0,2%, illik 3% artıb. Bazar gözləntilərinə görə, baza inflyasiyanın avqustda olduğu kimi aylıq 0,3%, illik 3,1% artacağı proqnozlaşdırılırdı.
İstehlak Qiymətləri İndeksi məlumatları hökumət bağlanmasına baxmayaraq açıqlanıb
ABŞ-ın rəsmi məlumat cədvəlinə əsasən, sentyabr ayına dair İstehlak Qiymətləri İndeksinin 15 oktyabrda açıqlanması planlaşdırılırdı. Lakin Konqresin müvəqqəti büdcə layihəsini təsdiqləyə bilməməsi səbəbindən federal hökumət 1 oktyabrda fəaliyyətini dayandırmış və bu da rəsmi iqtisadi məlumatların yayımını ləngitmişdi. Əmək Nazirliyi məlumat yayaraq bildirmişdi ki, İstehlak Qiymətləri İndeksi ( hesabatının dərc tarixi dəyişdirilib və göstəricilər 24 oktyabrda açıqlanacaq.