AZ

Kirayə evlərlə bağlı YENİ TƏLƏB – Qiymətlər ARTACAQ?

Xəbər verdiyimiz kimi, gələn ildən etibarən mənzilini kirayəyə verən şəxslər 10 faizlik gəlir vergisi ödəyəcəklər. Bu məsələ "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihə qəbul olunarsa, fiziki şəxslərin yaşayış sahələrini kirayəyə verməklə əldə etdikləri gəlirlər vergi öhdəliyinə cəlb ediləcək.

Bəs bu qərar kirayə bazarına necə təsir göstərəcək?

Day.Az BizimMedia-ya istinadən xəbər verir, məsələyə münasibət bildirən Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı hesab edir ki, bu dəyişiklik qiymət səviyyəsinə ciddi təsir göstərməyəcək:

"İqtisadi baxımdan 10 faizlik verginin tətbiqi kirayə qiymətlərinin artması və ya azalması ilə nəticələnməyəcək. Amma bu addım kirayə müqavilələrinin sayında artıma səbəb ola bilər. Əvvəllər bu vergi 14 faiz təşkil edirdi və həmin dövrdə hökumət bu sahədə şəffaflığı tam təmin edə bilmədi, çünki bir çox vətəndaş rəsmi müqavilə bağlamaqdan yayınırdı".

Ekspertin fikrincə, vergi dərəcəsinin daha da azaldılması prosesin leqallaşmasını daha çox stimullaşdıra bilər:

"Əgər bu faiz 4-ə qədər endirilsəydi, kirayə müqavilələrinin rəsmiləşdirilmə səviyyəsi 80-90 faiz həddinə çata bilərdi".

Ramil Osmanlının sözlərinə görə, 10 faizlik gəlir vergisinin tətbiqi kirayə qiymətlərində ciddi dəyişiklik yaratmayacaq:

"Kirayə bazarında qiymət artımı əsasən başqa amillərlə bağlıdır - ucuz mənzillərin azalması, şəhərsalma proseslərinin sürətlənməsi və daşınmaz əmlakın ümumi qiymət artımı kimi səbəblər ön plandadır. Buna görə də vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi nə kirayə qiymətlərinin azalmasına, nə də artmasına birbaşa təsir göstərəcək".

Seçilən
123
day.az

1Mənbələr