AZ

BSU-da Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri ilə seminar keçirilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) bu ali məktəbin və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə rektor Anar Nağıyevin “Yeni dövrün Azərbaycanı, milli dövlət, suverenlik və yeni çağırışlar” mövzusunda seminarı keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, seminarın məqsədi Azərbaycan Konstitusiyasının formalaşdırılması və dövlət suverenliyinin bərqərar olması istiqamətində həyata keçirilən tarixi proseslərin elmi müstəvidə təhlili, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin və Prezident İlham Əliyevin strateji dövlətçilik missiyasının müzakirəsini təşkil etmək olub.

Tədbiri açan BSU-nun rektoru Anar Nağıyev müasir dövrdə milli dövlət konsepsiyasının formalaşması, dəyişən geosiyasi reallıqlar və Cənubi Qafqaz regionunda Azərbaycanın artan rolunu qeyd edib. Rektor diqqətə çatdırıb ki, Azərbaycanın son illərdə həyata keçirdiyi müstəqil siyasət, ərazi bütövlüyünün bərpası və milli maraqlara əsaslanan xarici siyasət kursu yeni dövrün Azərbaycanını formalaşdırıb.

Müstəqil Azərbaycanın müstəqilliyinin qorunmasında Heydər Əliyevin rolunu vurğulayan rektor 1969-cu ildən başlayan bu yolun milli kimliyə xidmət edən dəyərlər fonunda Azərbaycanı parçalanmaqdan xilas etdiyini bildirib.

Soyuq müharibə dövründə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli ruhun oyanışı və milli kimliyin önəmindən danışan rektor Ulu Öndərin gördüyü tədbirlərdən Azərbaycan əhalisinin savadlılığının artması və yüksəkixtisaslı kadrlar kimi formalaşmasının əhəmiyyətindən danışıb.

Anar Nağıyev “Müasir milli-dövlət və Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar: Azərbaycan nümunəsi” mövzusunda təqdimatında beynəlxalq sistemin tarixi mərhələlərindən – Vestfaliya, Versal, Yalta-Potsdam düzənlərindən başlayaraq post müasir dövrün çoxqütblü dünya nizamına qədər keçilən yolu təhlil edib. O, Prezident İlham Əliyevin siyasi iradəsinin, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin müasir milli dövlətin dayaqları olduğunu qeyd edib. Rektor, həmçinin vurğulayıb ki, Azərbaycanın regional sabitlik, enerji təhlükəsizliyi, nəqliyyat-logistika mərkəzi kimi mövqeyi və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərində rolu yeni geosiyasi reallıqların əsas istiqamətlərini müəyyən edir.

Milli Məclisin Gənclər və idman komitəsinin, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılov çıxış edərək, Azərbaycanın milli maraqlarının qorunmasında gənclərin vətəndaş məsuliyyəti, tarixi yaddaşın bərpası və Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rolunun əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, BSU-nun “Konstitusiya və Suverenlik İli” tədbirlər planı çərçivəsində keçirilən seminarlar indiyədək Bakı şəhəri və ölkənin müxtəlif regionlarındakı ümumtəhsil müəssisələrini əhatə edərək, ümumilikdə 2000-dən çox şagirdin, həmçinin Tirana və Sofiya şəhərlərindəki ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə də təşkil olunub.

 

Seçilən
22
3
azertag.az

4Mənbələr