“Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanuna” təklif olunan dəyişiklərdə vəkillərin pensiya təminatı haqqında olan 25-ci maddəsi ilə bağlı bir sıra təkliflərimi sizinlə bölüşmək istərdim. Məsələ burasındadır ki, 25-ci maddənin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunda məhkəmə hakimlərinin, prokurorluq və xüsusi rütbə daşıyan digər orqanların müvafiq əməkdaşlarına tətbiq olunan güzəştli normalar vəkillərə şamil edilmir”.
Ölkə.az xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisdə adı çəkilən qanunun müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, buna səbəb kimi deyilə bilər ki, vəkillik fəaliyyəti müstəqil peşədir, dövlət qulluğu deyil, gəlir gətirən fəaliyyətlə məşğuldu, əmək şəraiti baxımından güzəştli pensiya kateqoriyasına daxil deyil və buna görə də onlar bu imtiyazlardan faydalana bilməzlər:
“Lakin qeyd etmək lazımdır ki, vəkillik isntitutu müstəqil olsa da, ictimai əhəmiyyətinə və daşıdığı məsuliyyətə görə hakimlik və prokurorluq fəaliyyəti kimi sosial və ictimai dəyərə malikdir, vəkillik fəaliyyəti də məhkəmə hüquq sisteminin, ədalət mühakiməsinin tərkib hissəsidir.
Onlar da çox vaxt təhlükəsizlik riski altında fəaliyyət göstərirlər, ictimai təzyiqlərlə qarşılaşır, istintaq və məhkəmə proseslərinin bütün mərhələlərində iştirak edirlər.
Digər tərəfdən vəkilin gəliri müqavilə üzrə qonorar və az miqdarda da olsa dövlət hesabına göstərilən hüquqi yardım hesabına formalaşdığından, bu gəlirlər qeyri-stabil və dəyişkəndir.
Gəlin etiraf edək ki, belə şəraitdə vəkillərin pensiyasının yalnız fərdi hesabda yığılan kapitala görə təyin olunması onların layiqli pensiya səviyyəsinin formalaşmasına çətinlik yaradır.
Bir çox Avropa ölkəsində vəkillər xüsusi sosial təminat fondlarına qoşulur və uzunmüddətli fəaliyyətinə görə dövlət tərəfindən əlavə pensiya dəstəyi alır”.
Deputat təklif edib ki, “Əmək pensiyaları haqqında” Qanuna müvafiq dəyişiklik edilsin və ən azı 35 il vəkillik fəaliyyəti göstərmiş Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinə yaşa görə əmək pensiyası hüququ verilsin: “Yəni digər kateqoriyalarda bu hüquq 20-25 il stajdan sonra yaranırsa, vəkillərdə belə bir hüquq heç olmasa, 30-35 il stajdan sonra nəzərdə tutulsun.
Bu isə faktiki olaraq çox az sayda vəkili əhatə edəcək və dövlət büdcəsinə ciddi maliyyə yükü yaratmayacaq.
Əksinə, bu addım vəkillik fəaliyyətini maddi və mənəvi baxımdan daha da stimullaşdıracaq.
Sonda bir məsələni də qeyd etmək istəyirəm. Məlum olduğu kimi, 2020-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvlərinə məcburi dövlət sosial sığorta ödənişlərində tətbiq olunan 10 faizlik güzəşt 1 yanvar 2026-cı ildə başa çatır.
Yaxşı olardı ki, vəkillik institutu tam oturuşana və maliyyə sabitliyi təmin edilənə kimi bu güzəşt növbəti 5 ilə kimi uzadılsın.
Başa düşürəm ki, dövlətin gələn ildən etibarən vergi və sosial ödənişlərlə bağlı əvvəlki illərdə tətbiq etdiyi güzəşt siyasətində ciddi dəyişiklər gözlənilir, lakin vəkillik instutunun spesifikliyini nəzərə alaraq, onlara tətbiq olunan müddətin uzadılması məsələsinə baxmaq olar”.
Mürtəza