Dabaq xəstəliyi - kənd təsərrüfatı heyvanlarının yüksək yoluxucu və təhlükəli virus xəstəliyidir. O, heyvandarlığın məhsuldarlığını azaldır, iqtisadi itkilərə səbəb olur və ixrac potensialına mənfi təsir göstərir.
Bu səbəbdən, dabaq xəstəliyinə qarşı profilaktika dövlət səviyyəsində prioritet məsələ kimi dəyərləndirilməlidir.
Ən vacib addım - mütəmadi vaksinasiya və peyvəndləmə işlərinin fasiləsiz aparılmasıdır. Riskli ərazilərdə bütün sağlam heyvanlar dövri şəkildə peyvəndlənməli, vaksin təminatı vaxtında və tam həcmdə həyata keçirilməlidir.
Eyni zamanda, biotəhlükəsizlik tədbirləri - karantin, sanitariya və dezinfeksiya prosesləri - bütün təsərrüfatlarda sistemli şəkildə aparılmalıdır. Yeni gətirilən heyvanların karantində saxlanılması, yoluxma riskinin minimuma endirilməsi vacibdir".
Deputat bildirib ki, erkən xəbərdarlıq və nəzarət mexanizmləri də gücləndirilməlidir: "Fermerlərdə müşahidə olunan simptomlar - qızdırma, ağız və dırnaq ətrafında yaranan aftalar, iştahsızlıq - dərhal baytarlıq xidmətlərinə bildirilməli, diaqnostika və təcrid prosesi operativ həyata keçirilməlidir.
Qeyd etmək lazımdır ki, dabaq nadir hallarda insana keçə bilər. Bu, adətən çiy və ya pasterizə olunmamış süd və ət məhsullarının qəbulu zamanı mümkündür. Bu baxımdan, həm əhalinin maarifləndirilməsi, həm də qida təhlükəsizliyinə nəzarət tədbirləri gücləndirilməlidir.
Dabaq xəstəliyinə qarşı mübarizə və profilaktika tədbirlərinə Aqrar Xidmətlər Agentliyi (AXA) və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsuldur. Bu qurumlar arasında koordinasiya daha da gücləndirilməli, regionlarda mobil baytarlıq xidmətlərinin maddi-texniki bazası genişləndirilməlidir.
Bu məsələ təkcə baytarlıq xidməti deyil, həm də ərzaq təhlükəsizliyi və kənd əhalisinin sosial rifahı məsələsidir. Biz Milli Məclisdə bu çağırışlara biganə qalmamalı, dövlət nəzarətinin, maarifləndirmə işlərinin və şəffaf məlumatlandırmanın artırılması istiqamətində birgə səylər göstərməliyik".