Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bugünkü iclasında çıxış edərək Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və son aylardakı siyasi proseslər fonunda ölkənin mövqeyinə diqqət çəkib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan artıq regional deyil, qlobal səviyyədə tanınan güc mərkəzinə çevrilib:
“Kopenhagen, Qəbələ və Yaxın Şərq Sülh Sazişi fonunda yalnız son bir neçə ayın siyasi xronikası əsas verir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan artıq hesablaşılan qlobal bir güc mərkəzidir. Artıq Vaşinqton da, Paris, Moskva da Bakının hərbi-siyasi zəfərləri ilə yaratdığı yeni reallıqları qəbul edir”.
Deputat həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərinə toxunaraq bunu Azərbaycanın sivilizasiyalararası dialoqda aparıcı rolu ilə əlaqələndirib:
“Mehriban xanım Əliyevanın xristianlığın mərkəzi Vatikana səfəri Azərbaycanın sivilizasiyalararası dialoqda hərəkətverici güc olduğunu bir daha göstərdi”.
Bəhruz Məhərrəmov çıxışında Ramiz Mehdiyev ətrafında son günlər yaranmış müzakirələrə də münasibət bildirib:
“Son günlər diqqətin Ramiz Mehdiyev barəsində cinayət təqibinə yönəlməsi başadüşüləndir, amma bu məsələnin dövlətçilik əleyhinə qaralama kampaniyasına çevrilməsi qəbuledilməzdir. Burada söhbət Mehdiyevdən yox, dövlətin imicindən gedir”.
Deputat əlavə edib ki, Azərbaycan xalqı üçün yeganə lider Prezident İlham Əliyevdir:
“Bu gün Azərbaycanın bütövlüyünü, sabitliyini və inkişafını istəyən hər bir sağlam düşüncəli vətəndaş üçün yalnız bir lider var – cənab İlham Əliyev. Nə Mehdiyev, nə onun radikal müxalifətdəki balaları, nə də Əli Kərimli kimi şəxslər xalqın gözündə İlham Əliyevə alternativ olmayıb, ola da bilməz”.
Məhərrəmov qeyd edib ki, Mehdiyev barəsində istintaqın nəticələri dövlətin qanunçuluq prinsiplərinə uyğun şəkildə açıqlanacaq, lakin məsələni siyasi kampaniyaya çevirmək dövlətçiliyə zərbədir:
“Neobolşevik təfəkkürü ilə kimlərisə hədəfə almaq Mehdiyevin xəyanəti ilə mübarizə deyil, əksinə, dövlətin nüfuzunu zədələməyə yönəlmiş süni kampaniyadır. Heç bir sosial dayağı olmayan Mehdiyev kimi cılız adam barədə deyilənlər qorxulu deyil. Qorxulu olan — bir vaxtlar Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev barədə hədyanlar söyləyən, bu gün isə pusquda məqam gözləyənləri görməməzlikdən gəlməkdir”ş
Deputat sonda bildirib ki, istintaq prosesi Ramiz Mehdiyevin radikal qüvvələrlə əlaqələrinə də aydınlıq gətirəcək.
Aidə Qurbanlı