AZ

Vətən müharibəsi iştirakçısının öldüyü qəzada sürücüyə bəraət verildi

Şəki Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Etibar Usubovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilib, dövlət ittihamçısının isə apellyasiya protesti təmin olunmayıb, Oğuz Rayon Məhkəməsinin hökmü ləğv edilib. Təqsirləndirilən şəxsin CCinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilib. Etibar Usubov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.


İttihama görə, hadisə 15 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Oğuz rayonu, Xaçmaz kəndi ərazisində qeydə alınıb.


Belə ki, Xaçmaz kənd sakini, 1965-ci il təvəllüdlü kənd sakini Etibar Usubovun idarə etdiyi “Traktor MTZ-82.1” markalı qoşqulu traktorla həmkəndlisi, 1993-cü il təvəllüdlü Səxavət Atakişiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü Səxavət Atakişiyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Hadisədən sonra Etibar Usubov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Oğuz Rayon Məhkəməsinin hökmü ilə ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.
 

Qeyd: Yol qəzasında vəfat edən Səxavət Atakişiyev Vətən müharibəsi iştirakçısı olub.

Kamal Məmmədov 

Tarix: 24 Oktyabr 2025, 09:30   
Seçilən
42
pravda.az

1Mənbələr