Qərb tədbirlərinin təsiri azalır, Moskva iqtisadi təzyiqə uyğunlaşıb...
Poliqon xəbər verir ki, The Guardian nəşri ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı elan etdiyi yeni sanksiyaların Kremlə ciddi təsir göstərməyəcəyini yazıb. Məqalədə bildirilir ki, ABŞ Maliyyə Nazirliyinin neft-qaz sektoruna qarşı tətbiq etdiyi yeni məhdudiyyətlər və Aİ-nin qəbul etdiyi 19-cu sanksiya paketi “Rusiya iqtisadiyyatı üçün şok olmayacaq və müharibənin gedişini dəyişməyəcək”.
Nəşrin fikrincə, bu addımlar artıq illərlə davam edən sanksiyalardan sonra Rusiyanın iqtisadi adaptasiyasını dayandıra bilməyəcək. “Əlavə sanksiyalardan müharibənin sona çatmasını gözləmək doğru olmaz, əgər onlar Qərbin danışıqlarda daha açıq mövqeyi ilə müşayiət olunmasa,” – deyə The Guardian qeyd edir.
Məqalədə vurğulanır ki, bu cür diplomatik çeviklik nəticə etibarilə Rusiya üçün daha sərfəli bir razılaşma ilə nəticələnə bilər. “Əgər Moskva Donbas sərhədlərində dayanmış olsaydı, bu Ukrayna üçün ədalətsiz nəticə sayılardı, lakin bir çox alternativlərdən daha az mənfi olardı,” – yazıda bildirilir.
Qeyd edək ki, 23 oktyabrda Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini qəbul edib. Sənəd Rusiyanın enerji sektorundan əldə etdiyi gəlirləri məhdudlaşdırmaq, maliyyə təzyiqini artırmaq və üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınma sxemlərinə nəzarəti sərtləşdirməyi nəzərdə tutur. Bundan bir gün əvvəl, 22 oktyabrda ABŞ Maliyyə Nazirliyi “LUKOYL” və “Rosneft” də daxil olmaqla bir sıra Rusiya enerji şirkətlərinə qarşı əlavə məhdudiyyətlər elan etmişdi.
Poliqon.info