AZ

Azərbaycanda yaşayış minimumu 15 manat artırılır...


2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev media nümayəndələrinə açıqlamasında deyib.

O bildirib ki, bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur: “O cümlədən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat olacaq".

Fikrət Yusifov: “Hər dəfə büdcə layihəsi çərçivəsində növbəti il üçün yaşayış minimumu və ehtiyac meyarına yenidən baxılması təbiidir”

2026-cı ildə yaşayış minimumu və ehtiyac meyarının artmasının əhəmiyyəti haqqında danışan sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər dəfə büdcə layihəsi çərçivəsində növbəti il üçün yaşayış minimumu və ehtiyac meyarına yenidən baxılması təbiidir: “Cari illə müqayisədə gələn ildə bu göstəricinin 5,3% artımı mövcud olan infilyasıyanın yaratdığı əlavə xərclərin bir hissəsinin bu yolla kompensasiya edilməsi anlamına gəlməlidir. Bu göstəricinin məbləğinin artırılması büdcədən maliyyələşən digər müvafiq sosial xərclərin də həcminin artmasına gətirib çıxarır. Çünki bir çox belə xərclərin həcminin hesablanmasında ehtiyac meyarı bir alət kimi istifadə olunur”.

Kamran Məmmədli: “Yaşayış minimumunun və ehtiyac meyarının artması sosial təminat baxımından vacibdir”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yaşayış minimumunun və ehtiyac meyarının artması sosial təminat baxımından vacibdir: "Ehtiyac meyarının artması ünvanlı sosial yardım proqramında sosial yardım məbləğinin artmasına səbəb olur. Bu da imkan verir ki, vətəndaşlar sosial yardımdan daha çox istifadə etsin. Ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Aztəminatlı vətəndaşların sosial müdafiəsi baxımından ehtiyac meyarının 300 manat olması müsbətdir. Yaşayış minimumunun artması da əhalinin sosial durumunun inkişafına səbəb olacaq”.

Günel CƏLİLOVA

Seçilən
96
baki-xeber.com

1Mənbələr