AZ

Rusiya neft sektoruna qarşı sanksiyalardan yayınmaq üçün yeni yollar axtarır

Kreml “kölgə donanması” və vasitəçi treyderlər vasitəsilə büdcə zərbəsini yumşaltmaq istəyir...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, Rusiya hökuməti neft sektoruna qarşı tətbiq olunan sanksiyaların iqtisadi təsirini azaltmaq məqsədilə alternativ mexanizmlər üzərində işləyir.

Mənbə bildirib ki, Donald Tramp administrasiyasının “Rosneft” və “Lukoyl” şirkətlərini qara siyahıya salmasından sonra itkilərin qaçılmaz olacağı gözlənilir, baxmayaraq ki, onların miqyasını indidən qiymətləndirmək çətindir.

Mənbənin sözlərinə görə, Moskva maliyyə zərbəsini minimuma endirmək üçün vasitəçi treyderlər şəbəkəsi və “kölgə donanması” adlanan tankerlərdən ibarət qeyri-rəsmi sistemdən istifadə etməyi planlaşdırır. Bu üsul Rusiyaya neft ixracını formal şəkildə davam etdirməyə və gəlir axınını qismən saxlamağa imkan verəcək.

Eyni zamanda, Hindistanın iri neft emalı şirkətləri artıq faktiki olaraq Rusiya neftinin alışını dayandırdıqlarını bildiriblər. Əgər bu qərar tam qüvvəyə minərsə, Rusiyanın yeni alıcı tapması son dərəcə çətinləşəcək və nəticədə Çin enerji bazarında qiymətləri diktə edən əsas tərəf olacaq.

Rusiyaya məhdudiyyətlər tam şəkildə qüvvəyə minənədək təxminən bir ay vaxt verilib. Bu müddətdə ölkə yeni iqtisadi reallıqlara uyğunlaşmağa çalışacaq. Agentliyin digər rusiyalı mənbəsinə görə, Donald Tramp mövqeyini Kreml ilə danışıqların gedişatından asılı olaraq dəyişə bilər.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr