Ramil Hüseynov: “Bütün bunlar Paşinyanın heç də deyildiyi kimi demokrat olmadığını ortaya qoyur”
Erməni mediası müəyyən edib ki, iqtisadiyyat naziri Gevorq Papoyanın ehtiyatsız hərəkətləri nəticəsində o, gözlənilmədən özünü “Mülki Müqavilə” partiyasına məxsus “Facebook”da qapalı qrupda tapıb.
Jurnalistlər qrupun 850-dən çox üzvü, o cümlədən baş nazir Paşinyan, nazirlər, parlament üzvləri və digər partiya nümayəndələrinin daxil olduğu yazıları araşdıra biliblər. Qrupda partiyanın fəaliyyəti, üzvlük haqları, dövlət qulluğuna qəbul və təşviqat materiallarının paylanması məsələləri müzakirə olunub. Jurnalist 2023-cü il İrəvan Ağsaqqallar Şurası seçkiləri ilə bağlı daxili mesajları da müşahidə edib. Qapalı qrupda baş nazir Paşinyan inzibati resurslardan istifadə etmədən genişmiqyaslı “Mülki Müqavilə” mitinqinin təmin edilməsinə çağırıb. Bununla belə, şərhlərdə bir neçə bölgə rəsmisi müxtəlif icmalardan onlarla insanı gətirməyi planlaşdırdıqlarını bildirib: Qavar, Noyemberyan və Kotayk.
Məlum olur ki, Paşinyan inzibati resurslardan istifadə etmədən partiyasının mitinqinə kütləvi insanların gətirilməsini tapşırıb. Bu isə onu göstərir ki, Paşinyan açıq olmasa da, dolayı yollarla inzibati resurslardan istifadə edib.
“Müxtəlif vasitələrlə inzibati resurslardan istifadə edir, amma o bunu açıq formada etmir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, bütün bunlar Paşinyanın heç də deyildiyi kimi demokrat olmadığını ortaya qoyur: “Məsələ ondadır ki, Paşinyan müxtəlif vasitələrlə inzibati resurslardan istifadə edir, amma o bunu açıq formada etmir. Əgər o buna getməsəydi, çətin bələdiyyə seçkilərində hansısa üstünlük qazanardı. Məsələ ondadır ki, bir sıra sorğulara görə, Paşinyanın reytinqi 2018-ci illə müqayisədə xeyli aşağı düşüb. Bu bir reallıqdır. Ancaq məsələnin digər tərəfi ondan ibarətdir ki, Ermənistanda parlament müxalifətinin reytinqi bundan da aşağıdır. Parlament müxalifəti revanşist qüvvələri təmsil edir. Başqa bir tərəfdən, Ermənistanda Qərbpərəst müxalifət də elə bir ciddi nüfuza malik deyil. Bütün bunlar, necə deyərlər, Paşinyanın xeyrinə işləyir və gələn il keçiriləcək parlament seçkilərində önünü açır. Üstəlik, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, Qazaxıstandan gələn yüklərin Azərbaycan üzərindən keçməsi Nikolun xeyrinədir. Ancaq Ermənistanda keçiriləcək seçkilərə hələ 7 aydan çox vaxt qalıb. Bu müddət ərzində orada çox hadisə baş verə bilər. Xüsusən də böyük güclərin geosiyasi maraqları Ermənistanda toqquşsa, uzlaşma baş verməsə bu ehtimal böyükdür. O cümlədən, Paşinyana müxalif olan qüvvələr onun qapalı qruplardan öz məqsədləri üçün istifadə etməsini tənqid hədəfinə çevirəcəklər”.
Vidadi ORDAHALLI