Qazaxıstanın Rusiya ilə sərhədə yaxın bir bölgəsində mənşəyi məlum olmayan PUA-nın partladığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyinin verdiyi yazılı açıqlamada hadisənin Qərbi Qazaxıstan vilayətinin Burlin rayonunda qeydə alındığı bildirilib. Açıqlamada PUA-nın qalıqlarının yaşayış məntəqələrindən uzaq bir ərazidə tapıldığı qeyd olunub:
“Hər hansı bir insan itkisi və ya maddi zərər qeydə alınmayıb. Hadisənin şəraiti və həmin obyektin mənşəyini müəyyən etmək üçün araşdırmalar aparılır. Qazaxıstan Müdafiə Nazirliyi tərəfindən hava məkanının nəzarətinin gücləndirilməsi və hava vasitələrinin dövlət sərhədini icazəsiz keçməsinin qarşısını almaq üçün əlavə tədbirlər görülüb. Həmin vasitələrin potensial sahibləri ola biləcək xarici tərəfdaşlarla məsləhətləşmələr aparılır”.
Digər tərəfdən, Qazaxıstan mediası düşən PUA-nın partlayıcı daşıdığı ehtimalını irəli sürüb:
“Səhər saatlarında Kızıltal kəndi yaxınlığında mənşəyi bilinməyən bir dron partladı. Kənddəki evlərin damları az qala uçurdu. Yaranan kraterdən göründüyü kimi, dron partlayıcı maddə daşıyırdı”.
PUA-nın düşdüyü ərazidə polis və axtarış-xilasetmə qrupları iş aparır.
 
                        