2025-ci il oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.
Forum Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirib və vacib mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirlə bağlı ölkənin müxtəlif ictimai birliklərinin rəhbərləri öz təəssüratlarını və fikirlərini QHT.az-la bölüşüblər.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov QHT.az-a açıqlamasında Xankəndidə keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunu yüksək qiymətləndirib.
S.Məmmədov bildirib ki, tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunmuş və Xankəndidə yerləşən nümayəndəliyin, Prezident Administrasiyası və digər dövlət qurumlarının, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin geniş iştirakı ilə keçirilmişdir. QHT sədri tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təəssüratını belə ifadə edib:
"Xüsusilə forum öncəsi Şuşada təşkil edilmiş tədbir və Xocalıda keçirilmiş ağacəkmə aksiyasından danışaraq qeyd edim ki, forum zamanı məruzəçilərin çıxışları və müzakirələr çox maraqlı keçib. Tədbirin böyük həcmdə, peşəkar şəkildə təşkili mənim ən çox diqqətimi çəkdi. Burada möhtəşəm idarəçilik və menecment gördüm. Bu həm Aygün xanımın, həm də onun personalının xidmətidir və mən bunu xüsusi vurğulayıram. Forum iştirakçılar arasında fikir mübadiləsi və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli bir platforma olmuşdur".
Bakı İctimai Əməkdaşlıq Mərkəzinin rəhbəri Rauf Zeyni QHT.az-a açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi QHT Əməkdaşlıq Forumunun, xüsusilə Xankəndi Əməkdaşlıq Forumunun əhəmiyyətindən danışıb.
Rauf Zeyni bildirib ki, forumlar vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır və bu tədbirlər dövlət, özəl və ictimai sektorlar arasında əməkdaşlığın güclənməsinə xidmət edir:
“Bu forumlar ictimai hadisədir və vətəndaş cəmiyyətinin inkişafı baxımından çox aktualdır. Xankəndi Forumunun xüsusi yeri var, çünki o, torpaqlarımızın azad olunmasından sonra dövlət suverenliyi çərçivəsində keçirilən mühüm bir tədbirdir. Azərbaycanın qazandığı zəfərdən sonra qarşıda duran əsas məqsəd ölkənin davamlı inkişafını və zəfərə layiq cəmiyyətin qurulmasını təmin etməkdir. Ümumi daxili məhsulun artırılması, sosial rifahın yaxşılaşdırılması və vətəndaş cəmiyyətinin inkişafı bu mərhələdə vacib vəzifələrdəndir".
QHT sədri Forumun təşkilində əməyi keçən hər kəsə, Agentliyin komandasına təşəkkürünü bildirib:
“Xankəndidə belə bir forumun keçirilməsi həm vətəndaş cəmiyyəti, həm də tariximiz üçün mühüm hadisədir. İnanıram ki, forumda müzakirə olunan məsələlər praktik nəticələr verəcək və vətəndaş cəmiyyətinin inkişafında öz əksini tapacaq.”
Sonda Rauf Zeyni bütün həmkarlarına və forum iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayıb.
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında Xankəndi Əməkdaşlıq Forumunun əhəmiyyətini yüksək qiymətləndirib.
QHT sədri bildirib ki, Suverenliyimizin beşinci və Konstitusiyamızın 30-cu ili münasibətilə Azərbaycan qeyri-hökumət təşkilatlarının Şuşada mübadilə proqramlarına və Xankəndidə forumlara cəlb olunması onların inkişaf səviyyəsinin göstəricisidir:
"Azərbaycan qeyri-hökumət təşkilatları artıq o inkişaf səviyyəsinə çatmışdır ki, doğma, işğaldan azad olunmuş Qarabağ torpaqlarında mötəbər tədbirlərə ev sahibliyi edə bilir. Bu, həm Azərbaycan cəmiyyətinə bir mesaj idi, həm də Azərbaycan ictimai həyatına təsiri olan vətəndaş cəmiyyəti sisteminə göstərilən etimadın təzahürü idi ki, biz belə bir forumu Xankəndində keçirdik. Eyni zamanda, beynəlxalq ictimaiyyət də bu barədə məlumat alır və sözsüz ki, bu, Ermənistan ictimaiyyətinə çox uğurlu bir mesaj idi. Mən bu forumun, qeyri-hökumət təşkilatlarının Xankəndində keçirilən bu toplantısının yalnız fiziki deyil, həm də sosial və siyasi baxımdan çox böyük və ciddi əhəmiyyətə malik olduğunu düşünürəm."
İlqar Hüseynli həmçinin beynəlxalq əməkdaşlıq məsələlərinə toxunaraq, Özbəkistan və Qazaxıstan vətəndaş cəmiyyəti institutları ilə qurulmuş əməkdaşlıq proqramlarının davam etdiriləcəyini vurğulayıb və forumun növbətisinin də Xankəndidə keçirilməsini tövsiyə edib:
"Sözsüz ki, forumun təşkilati işləri ən incə detallarına qədər nəzərə alınmışdı. Demək olar ki, bütün detallar, mesajlar və panel müzakirələri yüksək səviyyədə hazırlanmışdı. İstər ekspertlərin çıxışları, istər təqdimatlar, istərsə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin çıxışları və mesajları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində çox önəmli idi. Vaxtında və hədəfə yönəlmiş bir mesaj var idi. Mən düşünürəm ki, Azərbaycanda istər bu mübadilə proqramı, istərsə də Xankəndi forumu, hər biri qeyri-hökumət təşkilatlarının imkanlarının artırılması, bacarıqlarının qiymətləndirilməsi və yüksəldilməsi istiqamətində çox ciddi addımlardır. Bu proses davamlı olmalıdır və gələcək forumlarda daha məqsədyönlü mesajların dünya ictimaiyyətinə çatdırılması vacibdir. Bu gündən etibarən beynəlxalq ictimaiyyətlə əlaqələrimizin gücləndirilməsi artıq bir tendensiya halını alıb.
Bilirsiniz ki, Özbəkistan qeyri-hökumət təşkilatları ilə davamlı əməkdaşlıqdan sonra eyni proses Qazaxıstanda da baş verdi. Agentliyin rəhbərliyi Qazaxıstanda müxtəlif sənədlər imzaladı və qarşılıqlı əməkdaşlığa dair razılaşmalar əldə olundu. Mənim bildiyimə görə, Qazaxıstan vətəndaş cəmiyyəti institutları ilə də davamlı əməkdaşlıq proqramları həyata keçiriləcək və yeni forumlar təşkil olunacaq. Onların növbətisinin də məhz Xankəndində keçirilməsini tövsiyə edərdim.
Mən düşünürəm ki, bu, Azərbaycanın ictimai-siyasi həyatı üçün çox önəmli və beynəlxalq aləmdə nüfuzumuzu artıran bir addımdır."
“Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov qeyd edib ki, Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu sadəcə bir toplantı deyildi, bu, həm də Azərbaycan xalqının iradəsinin, birliyinin və bərpa olunmuş ədalətin rəmzidir. Xankəndidə belə bir tədbirin keçirilməsi həm simvolik, həm də tarixi hadisədir.
"Qeyri-hökumət təşkilatlarının orada bir araya gəlməsi göstərdi ki, Azərbaycan cəmiyyətinin bütün təbəqələri artıq Qarabağda həyatın bərpası prosesində fəal iştirak edir. Əməkdaşlıq Forumu həm bir platforma, həm də yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Orada səslənən çıxışlar, təqdimatlar və ideyalar göstərdi ki, artıq Xankəndi təkcə azad olunmuş şəhər deyil, həm də yenidənqurulmanın, milli həmrəyliyin mərkəzinə çevrilir.
Tədbirin bədii hissəsi də maraqlı oldu forumun sonunda keçirilən bədii hissə Vətən və Qələbə nəğməsi idi. Rəqs kollektivlərinin çıxışları, sonda bütün iştirakçıların yallı oynamağı isə çox təsirli an idi. Bu, təkcə mədəni proqram deyildi, bu, millətin ruhunun bir səhnədə canlanması idi.
Mən inanıram ki, bu cür tədbirlər QHT-lərin fəaliyyətinə yeni nəfəs verəcək. Xankəndidə keçirilən bu forum gələcəkdə həm yerli, həm də beynəlxalq əməkdaşlıq üçün bir nümunə olacaq. Ən önəmlisi isə odur ki, bu gün Qarabağda artıq sülhün, inkişafın, vətəndaş cəmiyyətinin səsi eşidilir."