Bu, mənim Şuşaya üçüncü gəlişimdir. Hər dəfə buraya gələndə aparılan bərpa işlərini görüb çox təsirlənirəm. Binaların və yerli mədəniyyətin qorunması istiqamətində görülən işlər doğrudan da heyranedicidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında portuqaliyalı akademik Loik Pedras söyləyib.
O bildirib ki, burada həyata keçirilən işləri aydın şəkildə görmək mümkündür.
"Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Mənim üçün ən maraqlı və təsirli olan məqam baş verənlərdən sonra burada həyatın yenidən normal axarına qayıtmasıdır. Bu, əsl möcüzədir. Çünki sülh olmadan inkişaf mümkün deyil. İndi isə həm sülhü, həm də inkişafı görürük", - deyə L.Pedras əlavə edib.