AZ

"Azərbaycan-Qazaxıstan xalqları mədəni köklərlə bir-birinə bağlıdır" - Deputat

"Oktyabrın 21-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirilib. İclas çərçivəsində iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən məsələlər, qarşılıqlı münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunub. Dövlət başçılarının görüşü dostluq və qardaşlıq əlaqələrinə əsaslanan strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyib".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, Qazaxıstan beynəlxalq arenada etibarlı tərəfdaş və öz milli maraqları əsasında siyasət yürüdən nüfuzlu dövlət kimi tanınır.

"Azərbaycanla dostluq və qardaşlıq münasibətləri isə bu yüksəlişin mənəvi dayaqlarından biridir. Hər iki ölkə ortaq tarixi, mədəni və mənəvi köklərə əsaslanan münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. Qazaxıstan və Azərbaycan arasında siyasi qarşılıqlı etimad, iqtisadi inteqrasiya və humanitar əlaqələrin genişlənməsi regional sabitliyə mühüm töhfə verir. Mətbuata bəyanatında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, işğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması region üçün yeni perspektivlər açır. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutan imzalama mərasimi uzun illər davam edən münaqişəyə son qoyaraq, Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın yeni dövrünə zəmin yaradıb. Qazaxıstan həmin tarixi hadisəyə ilk reaksiya verən ölkələrdən biri olub. 

Azərbaycan və Qazaxıstan xalqları ortaq mənəvi, tarixi və mədəni köklərlə bir-birinə bağlıdır. Dövlətlərarası münasibətlərin təməli məhz bu bünövrə üzərində qurulub. Son illərdə iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi və sahə nazirliklərinin səmərəli fəaliyyəti əməkdaşlığın praktik nəticələrini nümayiş etdirir.

Azərbaycan–Qazaxıstan əməkdaşlığı bu gün yalnız ikitərəfli deyil, həm də regional və qlobal səviyyədə əhəmiyyət kəsb edir. Energetika sektorunda, xüsusilə Xəzər dibi ilə elektrik kabelinin tikintisi üzrə üçtərəfli layihə əməkdaşlığın mühüm istiqamətlərindəndir. Bununla yanaşı, iki ölkə arasında mədəni əlaqələr də ardıcıl inkişaf etdirilir. Hər iki ölkədə keçirilən Mədəniyyət Günləri xalqların bir-birini daha yaxından tanımasına və ortaq dəyərlərin təbliğinə xidmət edir.

Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birilərinə dəstək verirlər. Türk Dövlətləri Təşkilatında, BMT və digər platformalarda nümayiş etdirilən vahid mövqe iki ölkənin strateji birliyini daha da gücləndirir. Gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitləri əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Astanada keçirilən görüşlər Azərbaycan–Qazaxıstan münasibətlərinin tarixi mərhələsini müəyyənləşdirib. İmzalanan sənədlər, aparılan müzakirələr və qarşılıqlı dəstək hər iki xalqın gələcəyə inamla baxdığını göstərir. Bu əməkdaşlıq bütövlükdə Avrasiya məkanında sabitlik, iqtisadi inteqrasiya və sülhün möhkəmlənməsi üçün yeni imkanlar yaradır". 

Seçilən
14
1
unikal.az

10Mənbələr