AZ

ARDNF-nin büdcəyə transfertləri artıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,17 faiz azalaraq 5 milyard 235,7 milyon manat təşkil edib.

AZƏRTAC ARDNF-in cari ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri hesabat dövrü üzrə 15 milyard 66,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF dövlət büdcəsinə 10 milyard 860,8 milyon manat vəsait transfert edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında aşağıdakı icrası davam edən layihələrə 34,3 milyon manat yönəldilib ki, bu da ötən illə müqayisədə 19 faiz çoxdur. O cümlədən:

- “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,2 milyon manat;

- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 26,1 milyon manat.

Sözügedən dövrdə, ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 13,2 faiz artaraq 22,9 milyon manat təşkil edib.

Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 4 milyard 350,3 milyon dollar məbləğində vəsait satılıb.

2025-ci ilin 9 ayı ərzində ARDNF-in aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb.

Maliyyə bazarları baxımından, 3-cü rübdə müşahidə olunan nisbətən sakit iqtisadi-bazar mühiti dövlət istiqrazlarının gəlirlilik dərəcələrinin volatilliyinin əvvəlki rüblərlə müqayisədə azalmasına səbəb olub. Hesabat dövrü ərzində Avrozona və Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirlilik dərəcələrində artım, ABŞ-da isə azalma tendensiyası müşahidə olunub. Yüksək faiz gəlirlərinin də töhfəsi ilə ARDNF-in borc öhdəliklərindən əldə etdiyi gəlirlər artıb.

Qlobal səhm bazarları üçüncü rübdə güclü performans göstərərək, əvvəlki rübdə müşahidə olunan artım tendensiyasını davam etdirib. Əsasən ABŞ bazarlarında baş verən yüksəliş nəticəsində, əsas indekslər yüksək gəlirlilik göstərib. Bu müsbət dinamika rüb ərzində ARDNF-in səhm bazarlarından əldə olunan gəlirlərinə əhəmiyyətli dərəcədə töhfə verib.

Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirib. Qlobal miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi banklar tərəfindən həyata keçirilən iri həcmli alışlar və digər mənbələrdən mövcud tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olub. Nəticə etibarilə, bu amillər Dövlət Neft Fondunun qızıl altportfelinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və büdcədənkənar gəlirlərin artımına töhfə verib.

Seçilən
63
7
azertag.az

10Mənbələr