AZ

Taker Karlsonun “11 Sentyabr faylları” sənədli filmi sarsıdıcı suallar doğurur

Taker Karlsonun yeni sənədli film 11 Sentyabr hücumlarının arxasında Səudiyyə Ərəbistanının dayandığını, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin isə bunu ört-basdır etdiyini iddia edir...

Müəllif: Pol Vud
The Spectator nəşri

Tanınmış amerikalı jurnalist Taker Karlsonun “The 9/11 Files” (“11 Sentyabr faylları”) adlı yeni sənədli filmi 2001-ci il terror aktlarının köklərinə dair sarsıdıcı versiya irəli sürür. Filmə görə, hücumların arxasında Səudiyyə Ərəbistanı dayanıb, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) isə bu əlaqədən xəbərdar olub və sonradan onu qəsdən gizlədib.

Bu versiya hazırda Manhetten məhkəməsində Səudiyyə hökumətinə qarşı qaldırılmış iddialarla üst-üstə düşür. Hücumlarda həyatını itirənlərin ailələri və sağ qalanlar krallığın “Əl-Qaidə” terror şəbəkəsinə birbaşa dəstək verdiyini iddia edir və yeni sübutlar təqdim ediblər.

Səudiyyə izi və MKİ-nin rolu

Karlsonun filmində bildirilir ki, Səudiyyə hökumətinə bağlı agentlər “Əl-Qaidə” sıralarına sızdırılıb, onların bəziləri 11 Sentyabrda təyyarələri qaçıran şəxslərə bilavasitə yardım göstərib. MKİ bu əməliyyatdan xəbərdar olub, hətta onu idarə etmiş ola bilər, lakin faciədən sonra bütün izləri silməyə çalışıb.

ABŞ-nin Cənub Dairə Məhkəməsində hazırda “9/11 Families United” adlı təşkilatın rəhbəri Terri Strada və digər zərərçəkənlər Səudiyyə hökumətinə qarşı məhkəmə işi aparır. Strada həyat yoldaşını Nyu-Yorkdakı “Cantor Fitzgerald” şirkətində – Şimal qülləsinin 104-cü mərtəbəsində – itirib.

ABŞ hökuməti bizi yarı yolda qoydu, lakin biz bilirik ki, hücumları maliyyələşdirən Səudiyyə krallığı idi”, deyə Terri Strada bildirib.

Federal məhkəmə artıq Səudiyyə tərəfinin işi dayandırmaq tələbinə rədd cavabı verib, təqdim edilən sübutların araşdırılmağa dəyər olduğunu bildirib.

Əsas fiqur - Ömər əl-Bayumi

Filmdə və məhkəmə sənədlərində diqqət mərkəzinə Səudiyyə hökumətinin rəsmisi Ömər əl-Bayumi çıxarılıb. O, 1994-cü ildə “tələbə” adı ilə Kaliforniyaya köçüb, lakin dərsə getməyib. 2000-ci ildə “Əl-Qaidə” üzvləri ilə tanış olaraq onlara ev, pul və sənədlər tapmaqda yardım edib.

Böyük Britaniya polisi 2001-ci il hücumlarından sonra Bayuminin evində adres kitabçaları, videoçarxlar və sənədlərlə dolu şəxsi arxiv aşkarlayıb. Ən mühüm tapıntı isə sərnişin təyyarəsinin rəsmi və uçuş hündürlüyünə dair hesablamaların yer aldığı sarı qeyd dəftəri olub. FTB ekspertləri bu hesablamaların təyyarənin hədəfi vizual olaraq görə biləcəyi minimal uçuş səviyyəsini müəyyənləşdirdiyini bildiriblər.

Bayumi isə bunu “adi məktəb tapşırığı” adlandırıb, lakin onun izahı nə britaniyalı, nə də amerikalı müstəntiqləri inandıra bilməyib.

MKİ-nin susqunluğu və mümkün ört-basdır

Karlsona görə, MKİ Səudiyyə kəşfiyyatını “Əl-Qaidə”ni izləmək üçün vasitəçi kimi istifadə edib, bu səbəbdən iki terrorçunun ABŞ-yə daxil olmasından FTB xəbərdar edilməyib. Sabiq FTB agenti Mark Rossini filmdə bu vəziyyəti belə dəyərləndirib:

“Siz iki terrorçunu illərlə izləyirsiniz, onlar Los-Ancelesə enir və siz FTB-yə xəbər vermirsiniz. Bu, sadəcə səhv deyil, bu, vəzifə borcunun açıq şəkildə pozulmasıdır”.

Karlson iddia edir ki, Bayumi MKİ üçün qeyri-rəsmi kanal kimi işləyib. O, Səudiyyə kəşfiyyat idarəsindən və səfirlik hesablardan maliyyə alırmış. Beləcə, MKİ Səudiyyə vasitəsilə gələcək təyyarə qaçıranlarla əlaqə qurmuş, lakin əməliyyat uğursuzluğa düçar olduqda məsuliyyətdən yayınmaq üçün “arxa qapı” təmin etmişdi.

ABŞ hakimiyyətində səssizlik və Səudiyyə ilə ittifaq

Karlsonun fikrincə, Corc Buş administrasiyası hadisədən sonra məsələni ört-basdır etməyə üstünlük verib. O bildirir ki, MKİ 11 Sentyabr istintaq komissiyasına bütün məlumatları təqdim etməyib və əməliyyata rəhbərlik edən zabitin ifadə verməsinə icazə verməyib. Komissiya isə MKİ-nin “sadəcə unutqanlıq” nəticəsində FTB-ni xəbərdar etmədiyi barədə “rəsmi versiya” qəbul edib.

Bu arada, 11 Sentyabr qurbanlarının ailələri ABŞ və Səudiyyə arasında diplomatik yazışmalara çıxış hüququ tələb edir. Onların fikrincə, krallıq Vaşinqtonu “terrorla mübarizə və İraqa hücum” planlarında öz tərəfinə çəkməklə məsuliyyətdən yayınmağa nail olub.

Yeni dalğa araşdırmalar ola bilər

Səudiyyə Ərəbistanı hökuməti bu iddiaların hamısını qəti şəkildə təkzib edir. Lakin məhkəmədə təqdim olunan yeni sənədlər və Karlsonun filmi ABŞ Konqresində və ictimaiyyətdə ciddi rezonans doğurub.

 25 illik BBC təcrübəsinə malik Britaniyalı jurnalist Pol Vud f yazır ki, “əldə olan sübutlar çoxsaylı suallar doğurur və Səudiyyə hökuməti bu suallara veriləcək cavablardan həqiqətən qorxmalıdır”.

Tərcümə Polioqn-a aiddir

Poliqon.info

Seçilən
72
poliqon.info

1Mənbələr