AZ

Hindistan şirkətləri Rusiya nefti ilə bağlı sənədləri yenidən tənzimləyirlər

Yeni ABŞ sanksiyalarından sonra “Rosneft” və “Lukoyl”la birbaşa əlaqələrin qarşısı alınır...

Poliqon xəbər verir ki, Hindistanın dövlətə məxsus neft emalı şirkətləri Rusiya ilə neft ticarətinə dair sənədləri yenidən araşdırmağa başlayıblar. Reuters agentliyi mənbələrə istinadla yazır ki, bu addım ABŞ-ın Rusiyaya qarşı elan etdiyi son sanksiyalardan sonra atılıb.

Agentliyin məlumatına görə, məqsəd “Rosneft” və “Lukoyl” kimi Rusiya enerji nəhəngləri ilə birbaşa neft tədarükü əlaqələrinin olmadığını təmin etməkdir. Hindistan şirkətləri bu yoxlamalar vasitəsilə həm ABŞ sanksiyalarının pozulması riskini aradan qaldırmaq, həm də beynəlxalq maliyyə əməliyyatlarında mümkün təzyiqlərdən qorunmaq istəyirlər.

Mənbənin sözlərinə görə, sənədlərin təftişi sanksiyaların üçüncü tərəflər üzərindən tətbiqi mexanizmlərini də nəzərə alır. Bu o deməkdir ki, hətta vasitəçi şirkətlər və ya ticarət evləri vasitəsilə həyata keçirilən alışlar belə diqqətlə araşdırılır.

Xatırladaq ki, ABŞ maliyyə naziri Skott Bessent yaxın günlərdə Rusiyaya qarşı sanksiyaların “əhəmiyyətli dərəcədə gücləndiriləcəyini” bəyan etmişdi. Onun ardınca 21 oktyabrda ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçıların “Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək niyyətində olduqlarını” açıqlamışdı. Lakin o əlavə edib ki, hazırkı hökumət bağlanması (“şatdaun”) şəraitində bu qanun layihəsinin qəbul edilməsi “çətin görünür”.

Analitiklərin fikrincə, Hindistanın bu addımı Qərbin maliyyə təzyiqlərinə uyğunlaşmaq və enerji ticarətində reputasiya risklərini minimuma endirmək məqsədi daşıyır.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr