“Təbii ki, istərdik ki, məğlub olmayaq. Şanslarımız da var idi. Sona kimi mübarizə apardıq. Dinamik və sürətli komandaya qarşı oynamaq futbolçular üçün heç də asan olmadı. Ümumilikdə çox yaxşı oyun alındı”.
News24.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyanın “Atletik” klubuna 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis komandasının yaxşı mübarizə aparsa da, bir çox keyfiyyətlərdə rəqibin onlardan üstün olduğunu bildirib: “Oyuna çox yaxşı başladıq. Yaxşı hücumlarımız oldu. Sadəcə, dəqiqlik çatmadı. Rəqibin ustalıq keyfiyyəti bizdən daha yüksək idi”.
Qurbanov komandasının növbəti oyunlarda yaxşı nəticə əldə etməyə çalışacağını qeyd edib: “Rəqiblər də xal qazanmaq üçün qalib gəlmək, növbəti mərhələyə adlamaq üçün şanslarını artırmaq istəyəcəklər. Hər şeyə hazır olmalıyıq. Qarşıdakı görüşlərdə daha intizamlı oynamalıyıq. Azarkeşlərimizə də bizləri tək qoymadıqlarına görə təşəkkür edirəm”.
Mütəxəssis oyunda verilməyən mübahisəli penalti epizodu barədə də danışıb: “Bəzi epizodlarda soyuqqanlı olmaq lazım idi. Penaltini bəziləri dedi var, bəziləri dedi, yoxdur. Düzdür, mən özüm görməmişəm. Deməli, bu gün məğlubiyyətə çox layiq idik”.
Qeyd edək ki, hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.