AZ

Kral Çarlz dövlət səfəri çərçivəsində Romaya səfər edib

London, 23 oktyabr, AZƏRTAC

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla tarixi dövlət səfəri çərçivəsində Romaya gəliblər.

AZƏRTAC xəbər verir ki, bu səfər Anqliya Kilsəsi ilə Katolik Kilsəsi arasında birliyin simvolik nümayişi kimi qiymətləndirilir. Kral Çarlz çərşənbə günü axşam Çiampino hava limanına enib və o, XVI əsrdəki islahat dövründən bəri bir Papayla birlikdə dua edən ilk Britaniya monarxı olacaq.

Cümə axşamı səhər Kral Vatikan şəhərində Papa XIV Leo ilə görüşəcək və daha sonra Sistin Kapellasında birgə ibadət mərasimində iştirak edəcək. Mərasimdə Katolik və Anqlikan din xadimləri, eləcə də Krallıq və Vatikan xorları bir araya gələcək. Eyni zamanda, bu görüşdə Kral və Papa ilk dəfə birlikdə dua edəcəklər. Bu, XVI əsrdə Anqliya Kilsəsinin Katolik Kilsəsindən ayrılmasından sonra baş verən ilk belə hadisə olacaq.

Qeyd edək ki, bu səfərin nadir məqamlardan biri odur ki, adətən monarxların dua etdiyi anlar şəxsi hesab olunur və çəkilişlərə icazə verilmir. Lakin bu dəfə birlik və həmrəyliyin nümayişi naminə həmin qayda istisna ediləcək.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
31
5
azertag.az

10Mənbələr