Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlikdən sonra dialoqun müxtəlif səviyyələrdə bərpası Cənubi Qafqazda sülh prosesinin mühüm tərkib hissəsinə çevrilir. Bu istiqamətdə son günlər atılan addımlar, xüsusilə də vətəndaş cəmiyyəti və ekspert dairələrinin təmasları diqqət mərkəzindədir.
Məlum olduğu kimi, oktyabrın 21–22-də Ermənistanın paytaxtı İrəvanda Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa müzakirələri keçirilir. Tədbir Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin təşəbbüsü ilə təşkil olunub və Azərbaycan tərəfdən ictimai-siyasi ekspertlər, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirlər. Bu təşəbbüs bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Xidmətinin katibinin Bakıya səfəri ilə eyni məntiqli diplomatik və ictimai prosesin davamı kimi qiymətləndirilir. Sözügedən təmaslar bölgədə yaranmaqda olan yeni reallığın göstəricisidir.
Rəsmi səviyyədə sülh müqaviləsi üzrə danışıqlar davam edərkən, paralel şəkildə ictimai diplomatiyanın gücləndirilməsi və iki xalq arasında etimad mühitinin formalaşdırılması məqsədəuyğun sayılır. Bu, təkcə hökumətlərarası münasibətlərin deyil, həm də cəmiyyətlərarası əlaqələrin normallaşmasına xidmət edən vacib mərhələdir. Eyni zamanda, ictimai rəy bu prosesə hələ də ehtiyatla yanaşır.
Ermənistanla uzun illər davam etmiş münaqişənin yaratdığı emosional və psixoloji baryerlər hələ də tam aradan qalxmayıb. Məhz bu səbəbdən deputatlar, ekspertlər və vətəndaşlar arasında keçirilən sorğular, insanların bu səfərlərə və əməkdaşlığa münasibətini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Sual yaranır: gələcəkdə Ermənistanla işgüzar əlaqələr, birgə layihələr və qarşılıqlı səfərlər normallaşarsa, azərbaycanlı ictimai-siyasi xadimlər və vətəndaşlar bu prosesdə iştirak etməyə hazır olacaqlarmı?
Bu suala veriləcək cavablar, əslində, yalnız fərdi münasibətləri deyil, həm də cəmiyyətin sülhə hazırlıq səviyyəsini göstərir. Azərbaycan tərəfi üçün əsas prioritet ədalətli və davamlı sülhün təmin olunması, qarşılıqlı hörmət və suverenliyə əsaslanan münasibətlərin qurulmasıdır. Bu çərçivədə atılan hər bir addım – istər rəsmi, istərsə də ictimai səviyyədə – gələcək regional sabitliyin və inkişafin təməlini formalaşdırır.
Beləliklə, İrəvanda keçirilən görüş və bu səfərlər bir tərəfdən diplomatik prosesin tamamlayıcı hissəsi kimi çıxış edir, digər tərəfdən isə region xalqları arasında uzun illərdən bəri mövcud olan psixoloji sərhədlərin aradan qaldırılmasına yönəlmiş mühüm sosial siqnaldır. Cəmiyyətin bu prosesdə fəal və müsbət iştirak etməsi gələcək sülhün real zəminə çevrilməsi üçün əsas şərtlərdən biridir.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı