AZ

® “Silk Way Group” və “Dnata” Azərbaycanda yeni aviasiya xidmətləri mərkəzi yaradacaq

Azərbaycanın aparıcı özəl aviasiya və logistika şirkətlər qrupu olan “Silk Way Group” və hava və səyahət xidmətləri sahəsində dünya liderlərindən biri olan “Dnata” şirkəti Bakının Ələt Azad İqtisadi Zonasında yerləşən Ələt Beynəlxalq Hava Limanında yerüstü xidmətlər və yükdaşıma əməliyyatlarının həyata keçirilməsi məqsədilə müştərək müəssisənin yaradılması barədə strateji əməkdaşlıq sazişi imzalayıblar.

Birgə müəssisənin fəaliyyəti 2027-ci ilin aprelində yeni terminalın istifadəyə verilməsi ilə başlayacaq. Bu layihə Azərbaycanın aviasiya və logistika sahələrinin gələcək inkişafına mühüm töhfə kimi qiymətləndirilir. Müştərək müəssisə “Dnata”nın beynəlxalq təcrübəsini və “Silk Way Group”un yerli bazardakı lider mövqeyini birləşdirərək ölkədə aviasiya xidmətlərinin tam spektrini təqdim edəcək.

Ələt Beynəlxalq Hava Limanının müasir logistika infrastrukturu ildə 500 min tondan çox yükün emalını təmin edəcək. Növbəti onillikdə bu göstəricinin hər il 5 faiz artacağı proqnozlaşdırılır. Birgə müəssisə ilkin mərhələdə yük daşımaları və yerüstü xidmətlərə fokuslanacaq, daha sonra fəaliyyət sahəsini genişləndirərək keyterinq, ekspedisiya, buzdan təmizləmə və digər xidmətləri də əhatə edəcək.

Layihənin əsas məqsədi hava yolları və hava limanı müştəriləri üçün “bir pəncərə” prinsipi əsasında dünya səviyyəsində səmərəlilik və xidmət standartlarını təqdim edən kompleks aviasiya xidmətləri mərkəzinin yaradılmasıdır.

Müqaviləyə əsasən, layihə çərçivəsində 1000-dən artıq yerli iş yeri açılacaq, bacarıqların artırılması və təlim proqramlarına investisiya qoyuluşu həyata keçiriləcək. “Dnata” uzun illərdir “Silk Way Group”un etibarlı tərəfdaşıdır və hazırda beş ölkədə “Silk Way West Airlines” üçün müxtəlif aviaxidmətlər göstərərək ildə 1150 reys və 85000 ton yük emal edir.

“Dnata”nın baş icraçı direktoru Stiv Allen bildirib ki, bu əməkdaşlıq şirkətin qlobal fəaliyyət dairəsini genişləndirmək və Qafqaz regionunun dinamik inkişafını dəstəkləmək baxımından mühüm əhəmiyyət daşıyır: “Bakıda inşa edilən yeni hava limanı regionun yük axınları üçün əsas logistika mərkəzinə çevriləcək və bizim sərmayəmiz aviaşirkətlərə və logistika tərəfdaşlarına ilk gündən etibarən təhlükəsiz, keyfiyyətli və etibarlı xidmətlər təqdim etməyə imkan verəcək.

Əməliyyat mükəmməlliyindən əlavə, bu əməkdaşlıq yüksək potensiala malik bazarlarda inteqrə olunmuş aviasiya həlləri təqdim etmək üzrə uzunmüddətli strategiyamızı əks etdirir. Biz “Silk Way Group” ilə uğurlu əməkdaşlığımızı davam etdirməyi və Azərbaycanın aviasiya, logistika, biznes və icmalarının inkişafına dəstək verməyi səbirsizliklə gözləyirik”.

“Silk Way Group”un prezidenti Zaur Axundov isə qeyd edib ki, bu tərəfdaşlıq Azərbaycanın aviasiya sənayesinin inkişafında yeni mərhələnin başlanğıcıdır: “Dnata” ilə birgə fəaliyyətimiz Ələt Azad İqtisadi Zonasını qlobal aviasiya və logistika şəbəkəsinə birləşdirəcək müasir ekosistemin formalaşmasına xidmət edəcək. Bu layihə təkcə infrastruktur deyil, həm də insan kapitalına edilən sərmayədir — yeni iş yerləri yaradılır, peşə bacarıqları inkişaf etdirilir və davamlı inkişaf üçün möhkəm təməl qoyulur. Ələt Beynəlxalq Hava Limanında aviasiya xidmətlərinin açılması Azərbaycanın aparıcı regional mərkəzə çevrilməsi istiqamətində strateji addımdır”.

Ələt Azad İqtisadi Zonasında inşa edilən Ələt Beynəlxalq Hava Limanında 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı və taksi yolu, eləcə də hava hərəkətini idarəetmə mərkəzi olacaq. Layihə ölkənin nəqliyyat potensialını artırmaq və regionun iqtisadi inkişafını stimullaşdırmaq məqsədi daşıyır.

2027-ci ildə layihə tamamlandıqdan sonra Ələt Azad İqtisadi Zonası inteqrasiya olunmuş logistika infrastrukturu sayəsində regionun əsas tranzit mərkəzlərindən birinə çevriləcək. Zona Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birbaşa çıxış, həmçinin geniş dəmir yolu və avtomobil magistralları şəbəkəsi ilə Azərbaycanın nəqliyyat və paylama imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

“Dnata” haqqında: 1959-cu ildə təsis edilən “Dnata” şirkəti dünyanın aparıcı aviasiya və səyahət xidmətləri təminatçılarından biridir. Şirkət hazırda altı qitənin 30-dan çox ölkəsində fəaliyyət göstərir və yüksək keyfiyyətli yerüstü xidmətlər, yükdaşıma, səyahət, iaşə və pərakəndə satış xidmətləri təqdim edir. 2024–2025-ci maliyyə ilində “Dnata” təyyarələrə 794 mindən çox yerüstü xidmət göstərib, 3,1 milyon ton yük emal edib, 114 milyon yemək payı tədarük edib və 2,6 milyard ABŞ dolları dəyərində səyahət xidmətləri tranzaksiyası həyata keçirib. “Dnata” şirkəti haqqında daha ətraflı məlumat üçün dnata.com internet səhifəsinə daxil ola bilərsiniz. Mətbuat sorğuları üçün isə [email protected] saytına müraciət edin.

“Silk Way Group “haqqında: 2006-cı ildə yaradılan “Silk Way Group” Azərbaycanın aparıcı özəl aviasiya və logistika şirkətlərindən biridir. Qrupun tərkibinə “Silk Way West Airlines”, “Silk Way Airlines”, “Silk Way Technics” və “Silk Way AFEZCO” daxildir. Qrup beynəlxalq standartlara cavab verən hava yükdaşıma, texniki xidmət və logistika həlləri təqdim edir. Hazırda “Silk Way Group” Ələt Azad İqtisadi Zonasında yeni hava limanı və logistika mərkəzinin tikintisi ilə ölkənin qlobal ticarətdə rolunu gücləndirəcək dayanıqlı və texnologiyaya əsaslanan layihə həyata keçirir.

“Silk Way Group” 1700-dən artıq peşəkar əməkdaşı ilə təhlükəsizlik, innovasiya və davamlı inkişaf prinsiplərinə əsaslanaraq qitələri birləşdirən və hava yolu ilə yükdaşımada yeni imkanlar yaradan şirkətdir.

 

 

 

Seçilən
66
6
azertag.az

7Mənbələr