Ölkə ərazisində heyvanlar arasında yayılan dabaq xəstəliyinin qarşısını almaq üçün bir sıra tədbirlər görülür. Yaxın günlərdə heyvan bazarlarının fəaliyyətində məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı da xəbərlər var. Çünki dabaq xəstəliyi insana ət vasitəsi ilə keçə bilir. Belə olan halda insanların sağlamlığı hər yerdə nəzarətdə saxlanılmalıdır.
Bəs şadlıq saraylarında toy zamanı istifadə edilən ətlərin təhlükəsizliyi nəzərə alınırmı?
Restoran sahiblərinin sözlərinə görə, onlar bu xəstəlikdən əvvəl də ət alanda AQTA sertifikatı ilə alırlar. Bildirilir ki, ət toydan bir gün əvvəl gəlir restorana və həmin sənədlərlə tanış olunaraq qəbul edilir. Çünki hansısa mənfi hadisə yaşanarsa, bu onların fəaliyyəti üçün də ciddi problem yarada bilər. Həm də restoranlara qarşı ani yoxlamalar olur.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, b=mütəxəssislər qeyd edirlər ki, insanlar nəinki yemək yeyəndə, hətta ət alanda da kifayət qədər diqqətli olmalıdırlar.
Qida eksperti Mütəllim Abdullazadənin sözlərinə görə, dabaq xəstəliyi heyvanlar arasında yayılsa da, nəzarətsiz kəsim, sənədsiz satış və gigiyenik qaydalara riayət olunmaması nəticəsində dolayı yollarla yoluxma riski artır. Onun fikrincə, heyvan bazarının müvəqqəti bağlanması bu risklərin qarşısını almaq üçün vacib addımdır. Eyni zamanda məsuliyyət şadlıq sarayları və restoranların üzərinə düşür. Restoran rəhbərlikləri istifadə etdikləri ət məhsullarını alarkən baytarlıq arayışı və digər sənədlərin olub-olmamasına nəzarət etməlidirlər.
Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, bu kimi obyektlər qurumun regional bölmələrinin nəzarətindədir. Müntəzəm olaraq monitorinqlər aparılır. Həmçinin, sözügedən obyektlər baytarlıq sənədləri ilə təmin olunmalıdır.