AZ

Məhkəmə həmcinsini yarıçılpaq şəkilləri ilə şantaj edən qadınla bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələbetmə maddəsi ilə təqsirləndirilən Sona Əhmədovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 

İttihama görə, Sona Əhmədova iş yoldaşı T.Bayramova vasitəsilə X.Babayevaya üç min manat faizə pul verib. Ancaq ayın tamamında X.Babayeva həmin pulu qaytara bilməyib. S.Əhmədova bu səbəbdən X.Babayevanı yarıçılpaq şəkilləri ilə şantaj edib. Bundan sonra X.Babayeva 2021-ci ildən 2022-ci ilin əvvəlinə kimi ayrı-ayrı vaxtlarda T.Bayramovaya məxsus bank kartına məcburi surətdə 35 min manat pul göndərib.
 

Onun barəsində Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələbetmə külli miqdarda olduqda) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əhmədova 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.


Kamal Məmmədov 

Tarix: 22 Oktyabr 2025, 10:12   
Seçilən
56
pravda.az

1Mənbələr