AZ

İranın hərbi gəmiləri Bakıdan getdi, “başladıqları proses” isə qaldı...


Məlum olduğu kimi bu günlərdə Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi keçirilib. Təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər. Təlimin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və fərqlənən hərbi qulluqçular mükafatlandırılıb. Təlim, onun məqsədi, baş verənlərin Azərbaycan-iran münasibətlərinə təsiri dünyada da diqqətlə izlənilir. Məsələn, Rusiyanın “Vesti Kavkaza” nəşri bu xüsusda yazır: “Təlimin aktiv mərhələsi Bakının Böyük Zirə adası yaxınlığında dörd gün davam edib. İranın hərbi dəniz qüvvələri, o cümlədən “Pikan” və “Şçit” raket katerləri, eləcə də İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinə məxsus çoxməqsədli “Şəhid Bəsir” gəmisi Azərbaycan qüvvələri ilə qarşılıqlı fəaliyyət göstərib. Təkcə kompozisiya deyil, həm də ritual vacibdir: İran gəmilərinin gəlişindən əvvəl Azərbaycan komandirləri və rəsmilərinin iştirak etdiyi rəsmi qəbul təşkil olunub. Daha sonra işgüzar görüşlər keçirilib və burada tərəflər təkcə qarşıdan gələn manevrləri deyil, həm də ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini ətraflı müzakirə ediblər. Bu, artıq sistemli yanaşmadan xəbər verir. Tərəflərin bəyan etdikləri təlimlərin rəsmi məqsədləri sırf praqmatik və hətta humanitar xarakterli olub: naviqasiya təhlükəsizliyinin təkmilləşdirilməsi; axtarış-xilasetmə əməliyyatları üzrə təlim; ticarət yollarının və neft tankerlərinin mühafizəsi. Ancaq bu texniki dilin arxasında strateji bir mesaj var. Bu yaxınlara qədər müxtəlif ölkələrdən olan ekspertlər Bakı ilə Tehran arasındakı münasibətlərdən “münaqişə və mübarizə” müstəvisində danışırdılar. Bu gün humanitar şüarlar altında da olsa, birgə manevrlər hər iki ölkənin gərginliyi azaltmaq istəyini nümayiş etdirir. Bu, tarixən bir çox oyunçunun maraqlarının kəsişdiyi bir sahə olan məkanda ümumi dil tapmaq cəhdidir. Bu cür təlimlər müharibəyə hazırlıq deyil, gələcək böhranların qarşısını almaq üçün lazım olan inam mexanizmlərinin inkişafıdır.

Bu gün Xəzər dənizi nəhəng şahmat taxtasıdır. Qlobal qeyri-sabitlik və ənənəvi ittifaqların yenidən formalaşması fonunda həm İran, həm də Azərbaycan mövqelərini gücləndirməyə çalışırlar. Bu kontekstdə “AZIREX-2025” yumşaq gücün mühüm alətinə çevrilir. İran baxımından bu, xarici təzyiqlərə baxmayaraq konstruktiv dialoq apara bilən regional güc kimi rolunu nümayiş etdirmək üçün bir fürsətdir. Azərbaycan üçün bu, onun çoxvektorlu siyasətinin elementidir və Bakının cənub qonşusu da daxil olmaqla müxtəlif güc mərkəzləri ilə praqmatik münasibətlər qurmağa qadir olduğunu nümayiş etdirir. Tərəflərin elan etdiyi kimi, prosedurların birgə təkmilləşdirilməsi və gələcək təlimlər üçün ümumi standartların hazırlanması Xəzər dənizində proqnozlaşdırıla bilən və sabit mühitin yaradılması istiqamətində atılan addımdır. İran eskadrilyasının Bakını tərk etməsi təlimlərin sona çatması ilə nəticələndi, lakin onların başladıqları prosesi yox. “AZIREX-2025” nə hərbi ittifaq, nə də taktiki birlikdir. Bu, köhnə çatlar və yeni çağırışlar üzərində qurulan bir körpüdür. Yerli gərginliyin ani olaraq böyük münaqişəyə çevrilə biləcəyi bir dünyada axtarış-xilasetmə kimi dar bir sahədə belə birlikdə hərəkət etmək bacarığı əvəzolunmaz sərvətə çevrilir. Təlimlər göstərdi ki, bütün fikir ayrılıqlarına baxmayaraq, həm İran, həm də Azərbaycan Xəzər dənizinin sabitliyinə ortaq dəyər kimi baxır. Bu yeni körpünün dayanıqlı olub-olmaması hələ məlum deyil, lakin onun yaradılması regional siyasət üçün əlamətdar hadisədir”. Burada xatırladaq ki, Azərbaycanın xarici siyasət kursunda qonşu dövlətlərlə münasibətlər həmişə prioritet istiqamət olub. Bu baxımdan İranla münasibətlərin inkişafı da ölkəmizin xarici siyasətində xüsusi yer tutur. Son dövrlərdə, xüsusilə İran prezidenti Məsud Pezeşkianın ölkəmizə son səfəri Azərbaycan-İran əlaqələrində yeni mərhələnin başlandığını demək olar. Tarixi, mədəni və dini yaxınlıq, qohumluq telləri üzərində qurulan bu münasibətlər üçün bu gün daha geniş imkanlar yaranıb. Iki ölkə prezidentinin bir-birinə “əziz qardaşım” deyə müraciət etməsi iki ölkə liderləri arasında yüksək etimad və səmimiyyətin göstəricisi olmaqla yanaşı, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi təzahürü kimi də dəyərləndirilə bilər. İranın 12 qonşusu arasında ən etibarlı sərhəd məhz Azərbaycanladır. 2020-ci ilin noyabrında Prezident İlham Əliyevin Xudafərinə səfəri və Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırması da bunun bariz nümunəsidir. Bundan əlavə, Azərbaycan-Rusiya-İran və Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatları da mövcuddur. Azərbaycanın tranzit imkanları və regional layihələrdəki rolu da İranla əməkdaşlığın inkişafında əhəmiyyətlidir. Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Qusar, Kəlalə-Ağbənd marşrutu, həmçinin Araz çayı üzərindən keçən “Araz dəhlizi” bu baxımdan strateji əhəmiyyət daşıyır. Bu marşrut Qara dənizlə Fars körfəzini birləşdirərək yeni iqtisadi əlaqə platforması yaradır. Rəşt-Astara dəmiryolu layihəsi və Azərbaycanın dəmiryolu infrastrukturunun modernləşdirilməsi isə region dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə zəmin yaradır.

Tahir TAĞIYEV

Seçilən
135
50
baki-xeber.com

10Mənbələr