Azərbaycanda heyvanlar arasında dabaq xəstəliyinin yayılması davam edir. Bu, çox yoluxucu, virus mənşəli infeksiya olub, əsasən inək, camış, qoyun, keçi və donuzlarda müşahidə olunur.
Baytarlıq mütəxəssislərinin bildirdiyinə görə, dabaq virusu heyvanların ağız, dırnaq və burun nahiyələrində ağrılı yaralar əmələ gətirir. Xəstə heyvan yem yeyə bilmir, süd istehsalı kəskin azalır, çəki itkisi baş verir. Vaxtında baytar müdaxiləsi olunmadıqda isə xəstəlik ölümlə nəticələnə bilər.
Rəsmi mənbələrdən verilən məlumata əsasən, artıq ölkənin bir sıra bölgələrində bu infeksiya halları qeydə alınıb. Bəzi rayonlarda xəstəlik sürətlə yayılır və təsərrüfatlara ciddi zərər vurur.
Baytarlar bildirirlər ki, dabaq xəstəliyi çox asanlıqla hava, yem, su və təmas yolu ilə yayılır. Həmçinin xəstə heyvanlardan alınan süd, peyin və digər tullantılar da infeksiyanın mənbəyinə çevrilə bilər.
Fermerlərə və mal-qara saxlayan vətəndaşlara baytar nəzarətini gücləndirmək, xəstəlik əlamətləri görünən heyvanları təcrid etmək və dərhal müvafiq orqanlara məlumat vermək tövsiyə olunur.
Musavat.com Şamaxının Nağaraxana kəndində yaşayan və heyvandarlıqla məşğul olan 76 yaşlı sahibkar Abı Həsənovla söhbətləşib və heyvanların dabaq xəstəliyinə tutulma səbəbləri ilə bağlı suallar ünvanlayıb:
- Abı bəy, təsərrüfatınızda neçə baş heyvanınız var və onlar arasında dabaq xəstəliyinə yoluxan varmı?
- Min baş qoyunum var, 20 baş da iri buynuzlu heyvan saxlayıram. Mənim heyvanlarım arasında da yoluxan oldu, lakin heyvanlarım xəstəliyi çox yüngül, hiss olunmaz dərəcədə keçirdilər. Ümumiyyətlə, çox az heyvanım yoluxdu. Yaylağımız Şamaxının Xeybəri, qışlağımız isə Qobustan rayonunun Mərəzə kəndindədir.
- Belə iddialar var ki, fermerlər dövlətin təklif etdiyi vaksinlərdən imtina edirlər...
- Bəli, belə faktlar mövcuddur. Elə kənd tanıyıram ki, orada bütün fermerlər heyvanların dabaq əleyhinə vaksinindən imtina edirlər. Düşünürlər ki, onsuz da heyvanlarına heç nə olmayacaq. Nəticədə heyvanları yoluxur və tələf olur. İnsanların düşüncəsi, psixologiyası bu yerdədir. Əksəriyyət bir dəfə vaksin etdirir, ikinciyə lüzum görmür. Halbuki belə olmalı deyil. Vaksinasiya o deməkdir ki, həmin heyvanı əvvəlcədən yoluxdururlar və onda immunitet yaradırlar. Təlimata görə, dabaq xəstəliyinə görə ildə iki dəfə heyvanları peyvənd etmək lazımdır. Bizim fermerlər isə birini edəndə digərini etmirlər. Deməli, burada xəstəliyin təsiri 50 faiz azalır. Əgər iki vaksin də olsa, o zaman heyvan xəstəliyi yüngül keçirər. Mənim heyvanlarım vaxtlı-vaxtında qrafik əsasında vaksin olunurlar.
- Heyvanlara peyvəndi dövlət ayırır?
- Bəli, dövlət bunun üçün həm peyvənd, həm də həkim ayırır. Hətta bu həkimlərin köməkçiləri də dövlət işçiləri olur. Sadə fermerlər bu işə görə həkimə pul vermir. Onların məvacibini dövlətin özü ödəyir. Lakin bəzən kənd camaatı bu həkimlərə elə münasibət göstərirlər ki. Qoyunu, iribuynuzlu heyvanı vaksinasiya etmək üçün onları saxlamaq lazımdır ki, həkim iynəni rahat vura bilsin. Elə kəndlilər var ki, deyirlər ki, biz niyə ona kömək etməliyik, gedib özü vursun da, borcudur. Belə məsuliyyətsiz davranışla vaksinasiyadan yayınırlar.
- Azərbaycanın bütün rayonlarında heyvanların peyvəndlənməsi pulsuzdur?
- Hər yerdə pulsuzdur. Rayon üzrə nə qədər heyvan varsa, onun hamısı rayon statistika idarəsində qeyd olunur. Bunun əsasında vaksin gətirilir və paylanılır. Kütləvi yoluxma yerlərinə həkimlər briqada ilə gedirlər. Kimin heyvanı xəstəlikdən tələf olursa, günah onun özündədir. Vaxtında tədbir görmək istəmirlər. Yoluxucu xəstəliklərə etinasız yanaşırlar. Bruselyoz xəstəliyinə yoluxmamaq üçün heyvanların gözünə 4 ildən bir dərman tökmək lazımdır. Bu dərman tökülərsə, heyvan 4 il ərzində yoluxmur. Dabaq xəstəliyinə yoluxmamaq üçün isə 6 aydan bir peyvənd etdirmək lazımdır.
- İnsanlar heyvanlarını peyvənd etdirməkdən niyə qorxurlar?
- Bu, bilgisizlikdən qaynaqlanır. Təsəvvür edin, fermerlər heyvanlarını bruselyoza qarşı peyvənd etdirmir deyə heyvanlara qulluq edən digər şəxslər də bu xəstəliyə tutulur. Əgər heyvanda bruselyoz varsa, onu sağan adamın əlindəki çat vasitəsi ilə süddən xəstəlik ona da keçə bilər. Süd sağandan sonra sağıcı əlini ağzına aparırsa, o da yoluxur. Bütün bunlar məsuliyyətsizlikdən qaynaqlanır.
- Niyə heyvanlar birdən-birə kütləvi şəkildə dabaq xəstəliyinə yoluxdu?
- Bu, həmişə baş verən prosesdir. Hər il heyvanlar xəstəliyə yoluxur. Dabaq xəstəliyinə yoluxan hamilə heyvanın balası da vaxtından tez doğulur və ya tələf olur. Buna görə də tək çarə peyvənddir. Mənim 76 yaşım var, illərdir ki, təsərrüfatla məşğul oluram. Çalışıram ki, ailəmə və insanlara sağlam qida verim.
- Deyirlər, dabaq xəstəliyindən ölən heyvanların ətini dönərxanalara və digər istehlak yerlərinə satırlar...
- İnanıram, ola bilər. Bizim insanlar bir halda ki, murdar olmuş heyvanın ətini satırsa, deməli, dabağı da satışa çıxara bilər. Dabağa yoluxan heyvanın ətini sən sağlam heyvanın ətindən ayırd edə bilmərsən. Nə dadında, nə də iyində dəyişiklik hiss olunur.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a açıqlamasında bildirib ki, dövlət heyvanların peyvənd olunmasına müəyyən vəsaitlər ayırıb və bununla məşğul olan əməkdaşlar fermaları gəzərək müəyyən təkliflər irəli sürülər:
“Bu faktları fermerlərin, iş adamlarının özləri deyirlər. Hətta tələb edirlər ki, bu, olmalıdır. Vətəndaşlar isə vaksindən imtina edirlər və bəzən buna şərait də yaratmırlar. Bunun nəticəsində dabaq xəstəliyinin yayılması məsələsi gündəmə gəlib.
Ayın 25-dən AQTA-nın tələbi ilə mal bazarları müvəqqəti bağlanacaq ki, bu da ətin bahalaşmasına gətirib çıxaracaq. Çünki mal-qara alıb satan ticarətçilər var ki, onlar qapı-qapı gəzib kəndlərdən heyvan axtaracaqlar. Bu da ətin qiymətinin qalxmasına səbəb olacaq. Fermerlərin peyvəndləmə kampaniyasına qarşı çıxmaları vəziyyəti gətirib bu yerə çıxaracaq.
Mən hesab edirəm ki, heyvanların vaksin olunması məcburi hal almalıdır. Qanunvericilikdə müəyyən boşluq var. Təsərrüfatdakı mal-qaranın peyvənd olunmasına qarşı çıxan insanlarla bağlı inzibati məsuliyyət yaradan hallar barədə düşünməliyik.
Kənd Təsərrüfatı Nazirliyi bu məsələ ilə bağlı Milli Məclis qarşısında məsələ qaldırmalıdır ki, qanundakı boşluq aradan qaldırılsın və dövlətin bu siyasətinə qarşı çıxan şəxslərin inzibati məsuliyyət məsələsi gündəmə gəlsin. Yalnız bundan sonra heyvanların peyvəndlənməsini rahat şəkildə etmək olar. Qanunda boşluq olanda insanlar öz xeyirlərinə istifadə edirlər. Ona görə də peyvənd məcburi olmalıdır”.
Şahanə Rəhimli
Musavat.com